• Bakı 22° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

COVİD-19-dan sonra vərəmə yoluxma artıb? - Həkimdən AÇIQLAMA  
CƏMİYYƏT
19 Iyun 2025 | 13:13

COVİD-19-dan sonra vərəmə yoluxma artıb? - Həkimdən AÇIQLAMA  

Sağlamlıq uğurlu və xoşbəxt həyatın əsas şərtidir. Bədənimizə və ruhumuza qayğı göstərmədən nə işdə, nə şəxsi həyatda, nə də gündəlik fəaliyyətlərimizdə tam potensialımızı ortaya qoya bilərik.

Məhz buna görə də Bakıvaxtı.az “Sağlam Olaq” rubrikasınına start verir.

Bu rubrika daxilində sizə sağlam qidalanma, fiziki aktivlik, psixi sağlamlıq, faydalı vərdişlər və ümumi rifahınızı artıracaq mövzulara toxunacağıq. Sizə həyatınızı daha sağlam və enerjili yaşamaq üçün praktik məsləhətlər, maraqlı faktlar və ekspert fikirləri təqdim edəcəyik.

Bakıvaxtı.az-ın “Sağlam olaq” rubrikasının ilk mövzusu vərəm xəstəliyidir.

Ölkəmizdə vərəmlə bağlı vəziyyət necədir? Ümumiyyətlə vərəm xəstəliyi nədir və risk qrupları kimlərdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib ki, vərəm xəstəliyi infeksion xəstəlikdir və törədicisi turşuya davamlı vərəm Mikobakteriyasıdır.

Onun sözlərinə görə, immuniteti zəif olan şəxslər, tibb müəssisələrində, xüsusilə də vərəm xəstələri ilə işləyən həkimlər, tibb bacıları və laboratoriya işçiləri, həmçinin ailəsində və ya yaxın çevrəsində aktiv vərəm xəstəsi olan şəxslər, zərərli vərdişləri olan şəxslər, uşaqlar və yaşlılar risk qrupuna daxildir:

“İmmuniteti zəif olan şəxslər dedikdə buraya HİV/QİÇS xəstələri, şəkərli diabet xəstələri, onkoloji xəstələr və kimyaterapiya alanlar və orqan köçürülməsi sonrası immunosupressiv müalicə alan şəxslər nəzərdə tutulur. Belə ki, HİV/QİÇS xəstələri vərəmə yoluxma və xəstəliyin ağırlaşma riski ən yüksək olan qrupdur. Şəkərli diabet xəstələrində immunitet sisteminin zəifləməsi səbəbindən yoluxma ehtimalı artır. Onkoloji xəstələr və kimyaterapiya alanlarda isə orqanizmin infeksiyalara qarşı müqavimətinin azalması səbəbindən yoluxma baş verir”.

İradə Axundova: 2024-cü il üçün hər 100 000 əhaliyə 25,7 aşkarlanan vərəm xəstəsi var

İ.Axundova qeyd edib ki, zərərli vərdişləri olan şəxslərdə tütün istifadəsi ağciyərlərin müdafiə mexanizmini zəiflətdiyindən vərəmə yoluxma riski artır. Bundan başqa alkoqol və narkotik maddə istifadəçiləri də immun sisteminin zəifləməsi səbəbindən risk altındadırlar:

“5 yaşdan kiçik uşaqlar immunitet sistemi tam inkişaf etmədiyindən daha həssasdırlar. Yaşlı şəxslər, əsasən də yaşı 65 yaşdan yuxarı olanlarda müdafiə mexanizmlərinin zəifləməsi vərəmin inkişaf riskini artırır”.

Həkim vərəm risk qruplarında olan şəxslərin müntəzəm tibbi müayinələrdən keçməsinin və profilaktik tədbirlərə əməl etməsinin vacibliyi ilə bağlı xəbərdarlıq edib.

Müsahibimiz bildirib ki, ölkəmizdə vərəmə görə epidemioloji vəziyyəti qiymətləndirən statistik xəstələnmə göstəricisinə əsasən, 2024-cü il üçün hər 100 000 əhaliyə 25,7 aşkarlanan vərəm xəstəsi var.

Həkim onu da vurğulayıb ki, 10 il əvvəl, yəni 2014 ildə bu göstərici 45,7 təşkil edirdi ki, indi xəstələnmə yükü 2 dəfəyədək azalıb.

“Alimlər iddia edir ki, COVİD-19-dan sonra vərəmə yoluxma qlobal miqyasda artıb. Bu, doğru deyil. COVİD-19 epidemiyasının vərəmin yayılması ilə heç bir əlaqəsi yoxdur. Vərəmə yoluxma sayında heç bir artım qeyd olunmur”.

Mina Mikayılova


SON XƏBƏRLƏR