• Bakı 22° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir

MEDİA

28 Fevral 2022 | 15:43

Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir

6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Bu faktorlar bütövlükdə həmin xalqın milli ideologiyasını təşkil edir.

70 il ərzində Sovetlər birliyinin tərkinidə olanda da xalqımız öz kimliyini heç vaxt unutmayıb. Müstəqillik əldə edənə qədər çətinliklərə rəğmən, milli kimliyimizi qoruyub saxlamağı bacarmışıq.

Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır.

Millət vəkili Cavid Osmanov Bakıvaxtı.az-a bildirib ki, ümumilikdə azərbaycançılıq ideologiyası milli həmrəyliyimizi, bütövlüyümüzü təmin edən təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən bir məfkurədir: “Azərbaycançılıq ideologiyası milli mənəvi dəyərlərimizi özündə birləşdirən və tariximizə, mədəniyyətimizə, soykökümüzə sahib çıxmaq anlayışıdır”.

Azərbaycançılıq deyəndə, onun bir üzündə vətənpərvərlik, milli birlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Bunlar azərbaycançılığın əsas komponentlərindən sayılır. Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti və konseptual tərəfləri şərh edilib.

Müsahibimiz deyir ki, azərbaycançılıq özündə “vətəndaşlıq”, “vətənpərvərlik”, “loyallıq”, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir: “Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Belə ki, bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir”.

Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa da təsir göstərir. Çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.

Cavid Osmanov: Azərbaycançılıq ideologiyası təkcə ölkəmizdə yaşayan vətəndaşlarımızı deyil, eyni zamanda dünya azərbaycanlılarını əhatə edir

Deputat deyib ki, azərbaycançılıq ideologiyası təkcə ölkəmizdə yaşayan vətəndaşlarımızı əhatə etmir, eyni zamanda dünya azərbaycanlılarını əhatə edir: “Ümumilikdə qeyd etsək, müstəqilliyimizi əldə etdikdən sonra azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin ən əsas ana xətti olub. Çünki Heydər Əliyev yaxşı bilirdi ki, azərbaycançılıq ideologiyası bizim siyasətimizin əsas ana sütunu olmalıdır və azərbaycançılıq ideologiyası ətrafında bütün dünya azərbaycanlıları birləşməlidir. Bu baxımdan, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edirik, bu da dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətidir”.

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı.

İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib.

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir.

Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir.

1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında qərar qəbul edildiyini xatırladan Cavid Osmanovun sözlərinə görə, bu, dünya azərbaycanlılarının mənəvi birliyinin rəmzinə çevrilib.

Deputat qeyd edib ki, əlbəttə, bu siyasət Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən bu günə kimi davam etdirilir: “Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Heydər Əliyev siyasətini inkişaf etdirmək durur. Qeyd etdiyim kimi, Heydər Əliyev siyasətinin mərkəzində də azərbaycançılıq ideologiyası dayanırdı. Heç şübhəsiz, bizim milli mənəvi dəyərlərimizə, tarixi köklərimizə sahib çıxmağımız, Vətənə sevgimiz, bağlılığımız, dünya azərbaycanlılarının birliyinə istiqamətlənmiş bu addım 44 günlük Qarabağ savaşımızda da özünü büruzə verdi və dünya azərbaycanlıları milli birlik nümayiş etdirdi. Bu milli birlik də Prezident İlham Əliyevin ətrafında birləşməklə həyata keçirildi və ölkəmizin ən böyük problemi sayılan işğalda olan torpaqlarımızı işğaldan azad etdik”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

22 May 2025