Son illər türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq daha da güclənməkdədir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər regional güc balansını dəyişməkdə, türk dünyasının vahid platforma üzərindən çıxış etməsinə şərait yaratmaqdadır.
Bu prosesin ən mühüm nümunələrindən biri isə Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü oldu. Bu zirvə təkcə diplomatik bir toplantı deyil, həm də geosiyasi əhəmiyyət daşıyan, türk dünyasının birliyini və gücünü nümayiş etdirən tarixi hadisə kimi dəyərləndirilir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan bu görüş, Avropanın mərkəzində türk dövlətlərinin səsini ucaltdı və yeni bir mərhələnin başlanğıcını qoydu.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bildirib ki, XXI əsrin geosiyasi reallıqları göstərir ki, regional liderlik yalnız iqtisadi və hərbi güclə deyil, həm də diplomatik təşəbbüskarlıqla müəyyən olunur:
"Bu baxımdan Avropanın mərkəzində -Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü tarixi və strateji əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilməlidir. Bu görüşün gerçəkləşməsi və siyasi gündəmin formalaşdırılması birbaşa Azərbaycanın təşəbbüskarlığı və liderliyinin nəticəsidir. Təqdirəlayiq haldır ki, türk dövlətlərinin liderləri ilk dəfə olaraq Avropa məkanında - xüsusilə də Avropa İttifaqının üzvü olan Macarıstanda bir araya gəldilər. Tarixi kontekstdə belə bir hadisə əvvəllər baş verməyib. Əgər bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürülməsəydi, digər türk dövlətlərinin arzularına baxmayaraq, bu formatda və bu səviyyədə bir toplantının baş tutması mümkünsüz olardı. Görüşün müəllifi məhz Azərbaycandır və bu, Azərbaycanın regional və qlobal miqyasda artan siyasi çəkisinin göstəricisidir".
Onun sözlərinə görə, Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə real töhfələr verməklə qitənin etibarlı tərəfdaşına çevrilib. Bu baxımdan Azərbaycan yalnız öz milli maraqlarını deyil, həm də digər türk dövlətlərinin strateji maraqlarını qoruyan və təşviq edən lokomotiv rolu oynayır. Orta Dəhliz ideyasının təşviqi, alternativ enerji marşrutlarının formalaşdırılması və Avrasiya məkanında yeni inteqrasiya modellərinin qurulması Azərbaycanın təşəbbüsləri çərçivəsində həyata keçirilir:
"Zirvə görüşündə prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi enerji siyasəti, nəqliyyat-logistika strategiyaları və regional əməkdaşlıq modellərini digər türk dövlətləri ilə paylaşdı. Bu isə göstərir ki, Azərbaycan öz uğur modellərini həmrəylik və qarşılıqlı inkişaf prinsipinə əsaslanaraq türkdilli ölkələrlə bölüşməyə hazırdır. Nəticədə, bu təşəbbüslər artıq Avropa siyasi çevrələrində də ciddi müzakirə olunur. Bu proseslərdə prezident İlham Əliyevin liderlik qabiliyyəti və uzaqgörən siyasəti müstəsna rol oynayır".
Əli Hüseynli: Zirvə eyni zamanda müasir türkçülük ideyasının real siyasi platformaya çevrilməsinin təzahürü oldu
Deputat əlavə edib ki, diqqətçəkən məqamlardan biri də Azərbaycan-Macarıstan münasibətlərinin bu zirvə toplantısında oynadığı roldur. Macarıstanın müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsi, eləcə də Avropa İttifaqı daxilində öz mövqeyini qoruyub saxlaması bu formatın uğurla reallaşmasına zəmin yaratdı. Macarıstan Baş naziri Viktor Orbanın görüş zamanı bildirdiyi kimi, artıq 20 ildir ki, Azərbaycan Macarıstana müxtəlif istiqamətlərdə dəstək verir. Prezident İlham Əliyev isə bu dəstəyi yüksək dərəcədə təvazökar şəkildə qeyd edərək, dostluq və əməkdaşlıq prinsipinə sadiqliyini nümayiş etdirdi:
"Zirvə eyni zamanda müasir türkçülük ideyasının real siyasi platformaya çevrilməsinin təzahürü oldu. Türk dünyası artıq təkcə mədəni və tarixi bağlarla deyil, eyni zamanda vahid strateji baxış və siyasi məqsədlərlə bir araya gəlir. Avropa siyasi dairələrində bu dinamika birmənalı qarşılanmasa da, bu, artıq dəyişməz bir reallıqdır: Türk dövlətləri Avropanın mərkəzindədir və onların birliyi qlobal siyasətdə nəzərəçarpacaq faktora çevrilməkdədir. Nəticə etibarilə, Avropada baş tutan bu tarixi görüş həm Azərbaycanın regional liderliyini, həm də türk dövlətlərinin qlobal səviyyədə inteqrasiya potensialını nümayiş etdirdi. Bu proseslərin arxasında dayanan əsas qüvvə isə Azərbaycanın ardıcıl, uzaqgörən və prinsipial siyasətidir".
Əli Hüseynov