Müasir media mühitində dilin seçimi jurnalistikanın ən həssas məsələlərindən biridir. Xəbər mətni ictimai rəyə birbaşa təsir göstərdiyi üçün burada istifadə olunan hər bir termin xüsusi məsuliyyət tələb edir.
“Qatil”, “işğalçı”, “terrorçu”, “cani” kimi yüklü ifadələr emosional təsir gücünə malikdir və bu səbəbdən onların tətbiqi beynəlxalq jurnalistika etikasında ciddi şəkildə tənzimlənir. Qlobal xəbər agentlikləri, o cümlədən, AP, Reuters, BBC kimi qurumlar bu terminlərdən yalnız hüquqi və ya beynəlxalq-hüquqi əsas olduqda istifadə etməyi tələb edirlər. Bunun əsas məqsədi informasiyanın qərəzsiz təqdim edilməsini təmin etmək və ictimaiyyətin faktlara əsaslanan qərar vermək imkanını qorumaqdır.
“Qatil” termini mediada ən mübahisəli anlayışlardan biridir. Çünki bu söz konkret bir cinayəti və onun hüquqi nəticəsini təsvir edir. Məhkəmə hökmü olmadan jurnalistin hansısa şəxsi “qatil” adlandırması presumpsiya prinsipinə ziddir. Beynəlxalq etik normalara görə, hökm qüvvəyə minməyincə media yalnız “şübhəli şəxs”, “tutulmuş şəxs”, “ittiham olunan” kimi neytral ifadələrdən istifadə etməlidir. Bu, həm təqsirsizlik prezumpsiyasının qorunması, həm də auditoriyada qərəzli fikir formalaşmasının qarşısını almaq üçün vacibdir. Bəzi hallarda mediada emosional başlıq yaratmaq məqsədilə bu terminlərdən sui-istifadə olunur ki, bu da peşə kodeksinin ciddi şəkildə pozulması hesab edilir.
“İşğalçı” termini də jurnalistikanın ən çox müzakirə edilən sözlərindən biridir. Bu ifadə siyasi-hüquqi məna daşıdığı üçün onun işlədilməsi yalnız beynəlxalq hüququn təsdiq etdiyi faktlara əsaslana bilər. Hərbi əməliyyatlar, sərhəd pozuntuları və ya ərazi iddiaları ilə bağlı məlumatlarda jurnalist subyektiv dəyərləndirmə aparmamalıdır. Əgər BMT qərarları, beynəlxalq məhkəmə sənədləri və ya rəsmi təsnifatlar mövcuddursa, media həmin terminlərdən istifadə edə bilər. Əks halda, “hərbi müdaxilə”, “əraziyə daxilolma”, “qoşunların irəliləməsi” kimi daha neytral ifadələrə üstünlük verilməlidir. Belədə həm informasiyanın dəqiqliyi artır, həm də xəbərin siyasi təbliğat xarakteri daşımasının qarşısı alınır.
Jurnalistikanın etik kodeksləri dildə balansı qorumağı birinci dərəcəli vəzifə kimi müəyyən edir. Dilin qərəzsizliyi həm media orqanının reputasiyasını gücləndirir, həm də ictimaiyyətin ona olan etimadını formalaşdırır. Auditoriya mediadan faktların neytral təqdimatını gözləyir və jurnalistin şəxsi münasibət bildirməsini yolverilməz sayır. Bu səbəbdən, ağır terminlərin istifadəsi yalnız rəsmi mənbələrin təsdiqlədiyi məlumatlara əsaslanmalıdır. Eyni zamanda, xəbər dili hadisənin yox, mənbənin mövqeyini dəqiq göstərməli, məsələn, “Nazirlik qarşı tərəfi işğalçı adlandırıb” kimi formalarla məsuliyyəti mənbənin üzərinə köçürməlidir. Bu yanaşma beynəlxalq praktikada obyektivliyin qorunması üçün ən effektiv üsullardan biri sayılır.
Media etikasında digər mühüm prinsip manipulyasiyadan uzaq durmaqdır. Yüklü terminlərdən istifadənin əsas təhlükəsi onların oxucunu emosional reaksiyaya məcbur etməsidir. Nəticədə faktlar kölgədə qalır, hadisənin mahiyyəti isə emosional yüklə əvəzlənir. Peşəkar jurnalistika faktların üstünlüyünü təmin etməli, hadisə barədə bütöv və çoxmənbəli məlumat təqdim etməlidir. Bu, həmçinin münaqişə zonalarında çalışan reportyorlar üçün əsas qaydalardan biridir, çünki həmin regionlarda informasiya tez-tez siyasi mübarizənin alətinə çevrilir. Bu səbəbdən beynəlxalq təşkilatlar müharibə və böhran bölgələrində çalışan media nümayəndələrinə xüsusi terminologiya təlimləri keçirir.
“Qatil”, “işğalçı” kimi terminlərin mediada istifadəsi ciddi peşə məsuliyyəti tələb edir. Bu sözlərin hər biri hüquqi, siyasi və etik nəticələr doğura bilər. Jurnalist faktların dəqiqliyini, mənbələrin etibarlılığını və məlumatın obyektivliyini hər şeydən üstün tutmalıdır. Peşəkar media senzasiya yaratmaq üçün yox, ictimaiyyətə doğru və tərəfsiz məlumat çatdırmaq üçün mövcuddur. Beynəlxalq jurnalistika etikasının tələb etdiyi bu prinsiplərə əməl etmək həm media təşkilatlarının nüfuzunu qoruyur, həm informasiya savadlılığına töhfə verir, həm də cəmiyyətin obyektiv informasiya almaq hüququnu təmin edir.
Əli Hüseynov
Bakı 



