• Bakı 18° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

İkitərəfli münasibətlərdə yeni nəfəs: Bakı və Tehran yenidən yaxınlaşır

SİYASƏT

22 May 2025 | 16:23

İkitərəfli münasibətlərdə yeni nəfəs: Bakı və Tehran yenidən yaxınlaşır

2023-cü ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücum təkcə iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə deyil, eyni zamanda beynəlxalq hüquq və diplomatik təhlükəsizlik prinsiplərinin ciddi şəkildə pozulması ilə yadda qaldı. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu, iki əməkdaş isə yaralandı.

Hadisə Azərbaycanın ictimai rəyində dərin rezonans doğurdu və ölkənin siyasi rəhbərliyi tərəfindən dərhal və qəti reaksiya verildi. Hücumu törədən şəxsin — İran vətəndaşı Yasin Hüseynzadənin edamı Azərbaycanın əsas tələbi kimi gündəmə gətirildi. Bu hökmün icrası iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum faktı, ilk növbədə, Vyana Konvensiyasının açıq şəkildə pozulması idi:

"1961-ci il tarixli “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası” diplomatik nümayəndəliklərin toxunulmazlığını təmin edir və ev sahibi dövlətin bu nümayəndəliklərin təhlükəsizliyini qorumaq öhdəliyini müəyyənləşdirir. İranın səfirlik binasının təhlükəsizliyini təmin etməməsi, üstəlik hadisənin təşkilati cəhətdən hazırlıqlı olması barədə iddialar, rəsmi Bakıda etimadsızlıq yaratdı. Azərbaycan səfirliyi fəaliyyətini dayandırdı və münasibətlər faktiki olaraq dondu".

Onun sözlərinə görə, bir müddət Azərbaycan və İran arasında müəyyən fikir ayrılıqları və gərginliklər mövcud idi. Bu gərginliyin səbəbləri sırasında təhlükəsizlik məsələləri, regional maraqların toqquşması və diplomatik bəyanatlar mühüm rol oynayırdı. Lakin son aylarda hər iki tərəf münaqişənin dərinləşməsinin qarşısını almaq və münasibətləri normallaşdırmaq istiqamətində mühüm addımlar atdı:

"Bu müddət ərzində Azərbaycan rəsmilərinin İrana, İran rəsmilərinin isə Azərbaycana səfərləri oldu. Səfərlər çərçivəsində diplomatik danışıqlar aparıldı, qarşılıqlı narahatlıqlar müzakirə olundu və ortaq maraqlar ön plana çəkildi. Ən diqqətçəkən hadisələrdən biri isə İran Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycana səfəri oldu. Bu səfər təkcə protokol xarakterli deyil, həm də siyasi iradənin və qarşılıqlı anlaşmanın göstəricisi kimi dəyərləndirilə bilər".

Ceyhun Məmmədov: Müsbət dinamika fonunda artıq iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçid etdiyini müşahidə edirik

Parlamentari diqqətə çatdırıb ki, Azərbaycan tərəfinin münasibətlərin normallaşması üçün irəli sürdüyü əsas tələblərdən biri konkret bir şəxsin - ölkəmizə qarşı düşmənçilik fəaliyyəti ilə əlaqələndirilən və ədalət qarşısında cavab verməli olan cinayətkarın edam olunması idi. Bu tələb yerinə yetirildi və bu addım, şübhəsiz ki, iki ölkə arasında etimadın bərpa olunmasında mühüm rol oynadı. Bu hadisə, həm də İranın Azərbaycanla münasibətlərin inkişafında səmimi niyyətli olduğunu göstərən əlamətdar bir jest kimi qiymətləndirilə bilər.

"Bu müsbət dinamika fonunda artıq iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçid etdiyini müşahidə edirik. Regional sabitliyin və iqtisadi əməkdaşlığın vacibliyini dərk edən hər iki tərəf, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanaraq münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır. Qarşılıqlı etimadın möhkəmləndirilməsi, ortaq layihələrin icrası, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi yaxın gələcəkdə gündəmdə olacaq əsas istiqamətlərdəndir",- deyə Ceyhun Məmmədov əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR