"Məktəb direktorları və müavinləri üçün 12 saat dərs yükü nəzərdə tutub, artıq qalan 6 saat dərsi vakansiyaya çıxartmaq qaydalara uyğundurmu? Müəllimlərin İşə Qəbulu Müsabiqəsi ilə bu vakansiyaları tutan gənc müəllimlər belə halda əlavə dərs saatı tələb edə bilərlərmi? Azərbaycan Respublikasının Prezidentinin 16 yanvar 2015-ci il tarixli, 994 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamının 1-ci hissəsinə görə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və 2017-ci il yanvarın 1-dən keçirilən mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul olunan müəllimlərin həftəlik dərs yükü norması 18 saat olmaqla müəyyən edilmişdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2-ci bəndinə görə isə dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir:
“Əgər vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür, müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur, bu mümkün olmadıqda həmin dərs saatları mərkəzləşdirilmiş müsabiqə yolu ilə tutulması üçün vakant hesab olunur. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi məktəbdə 18 saata qədər dərs varsa onun bir qismini müəllimlərə və ya məktəb rəhbərlərinə verib artıq hesab etdiyini vakansiyaya çıxartmaq olmaz. Belə halda digər məktəblərdən hökmən müəllim dəvət edilməli və ya dərs saatları vakansiyaya çıxarılmalır. Ümumiyyətlə istinad olunan sənədlərdən məktəbdə mövcud olduğu halda vakansiyaya normadan az, yəni 18 saatdan az dərs saatlarının verilməsi istisna olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü bəndinə görə məktəb direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər, o cümlədən psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasaları üzrə həftədə 12 saata qədər dərs verilə bilər”.
K.Əsədov bildirib ki, qeyd edilən sənədlərdən göründüyü kimi sənddəki “həftədə 12 saata qədər dərs apara bilərlər” və “həftədə 12 saata qədər dərs verilə bilər” normasını “hökmən aparmalıdır” və “hökmən verilməlidir” kimi anlamaq yanlışdır və bunu aşağıda qeyd etdiyimiz sənədlər sübut edir:
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli Təlimati Məktubuna görə direktor və direktor müavinlərinə müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələrinə uyğun ədalətli dərs bölgüsündən sonra və ya ixtisaslı müəllim olmadığı halda məktəbdə 6 saatadək dərs verilə bilər, rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psixoloq, UBTR, laborant və kitabxanaçı) dərs yükü nəzərədə tutulmur. Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları“nın 5-ci bəndinə görə isə direktor və direktor müavinləri yalnız rəhbər vəzifədən azad olunduqları və müəllim kimi saxlandıqları təqdirdə onların qiymətləndirmə nəticəsi dərs yükünün müəyyənləşdirilməsi zamanı nəzərə alınır. Qeyd etdiyimiz bu sənədlərdən göründüyü kimi isə direktor və müavini ən yaxşı halda, yəni müəlllimlər dərslə tam təmin ediləndən sonra, 6 saata qədər dərs verilə bilər. Qeyd etdiyimiz bu qaydadakı “6 saatadək dərs verilə bilər” normasını da hökmən “hökmən 6 saat dərs verilməlidir” kimi anlamaq olmaz, çünki mümükündür yerli təhsil idarəetmə orqanı bunu da məhdudlaşdırsın”.
Ekspert qeyd edib ki, beləliklə aydın olur ki, vakansiyalar verilən zaman direktor və müqavinlərinin özünə 12 saat dərs nəzərdə tutub, artıq qalan dərsləri vakansiyaya çıxartması qaydalara ziddir:
“Müəllimlərin İşə Qəbulu Müsabiqəsi ilə bu vakansiyaları tutan gənc müəllimlər belə halda bu dərsləri tələb etməlidir. Guya məktəblərə yeni təyin edilən müəllimlərin vakansiyada göstərilən dərs saatlarından artıq dərsləri yalnız növbəti tədris ilindən tələb etmək hüququna malik olması barədə deyilənlər isə heç bir hüquqi bazaya söykənməyən absurd fikirlərdir. Məhz bu cür bilərəkdən və ya qaydaların sistematik və anlaşıqlı olmamasından onu düzgün tətbiq edə bilməyən məmurların səhv müəyyən etdiyi vakansiyaların hesabına ölkədə minlərlə gənc işsiz qalır və ya bu cür iqtisadi rentabeli olmayan vakansiyaları tutan müəllimlər tezliklə məktəbləri tərk edirlər. Məhz bu cür ədalətsiz vakansiyalar və dərs bölgüsü nəticəsində eyni məktəbdə işçilər arasında biri digərindən 5 dəfədən çox maaş fərqi və sosial ədavət yaranır”.
Nuranə Daxilqızı