"Yağlı saçların müxtəlif səbəbləri ola bilər. İlk növbədə bir mütəxəssisə müraciət etmək və problemin kökünü öyrənmək lazımdır".
Bunu Bakıvaxtı.az-a açıqlamasında dermatokosmetoloq Günay Feyziyeva bildirib. Onun sözlərinə görə, saçların yağlanmasının həm ekoloji, həm də genetik səbəblər mövcuddur.
Həkim bildirib ki, yağlı saçlar əslində yağlı baş dərisidir. Yəni baş dərisindən çıxan yağ saç tellərinə çataraq saçların yağlanmasına səbəb olur. Yağlılığın düz saçlarda daha çox olmasının səbəbi saç tellərinə daha asan çatmasıdır. Buna görə də buruq saçlarda yağlılıq çox nadir hallarda müşahidə edilir.
G.Feyziyeva digər səbəbləri isə yağlı qidalanma və qeyri-kafi və balanssız qidalanma ilə əlaqələndirib.: Digər bir səbəb də saçlara tez-tez toxunmaqdır. Saçların çox isti su ilə yuyulması da saçların yağlanmasının əsas səbəblərindəndir. Gün ərzində yaşanan stress saçların yağlanmasına səbəb olan amillərdəndir. Digər səbəb isə düzgün şampun seçməmək, saç kremi, sprey kimi kimyəvi maddələrdən istifadə etməkdir".
Bəs saçların yağlanmasının qarşısını necə almaq olar?

Günay Feyziyeva, Dermatokosmetoloq
Müsahibimiz xüsusilə vurğulayıb ki, əvvəlcə yemək vərdişləri dəyişdirilməli və sağlam qidalara üstünlük verilməlidir: "Saçlar quruduqda, baş dərisi saçları nəmləndirmək üçün daha çox yağ istehsal edir. Buna görə də dərinin qızmasına səbəb olan saç düzümlərindən istifadə etməyin. Duş qəbul edərkən çox isti su istifadə etməkdən çəkinin, çünki baş dərisini çox qurudur. Saçınızı isti su əvəzinə ilıq su ilə yuyun. Saçlarınız çox yağlıdırsa və bu vəziyyətdən çox narahatsınızsa, əvvəlcə supermarket şampunlarından istifadəni dayandırın. Saçınıza uyğun bitki mənşəli şampunlardan istifadə etməyə diqqət edin. Şampun və kondisionerinizi seçərkən yağlı saçlar üçün xüsusi olaraq istehsal olunduğundan əmin olun".
Dermatoloq qeyd edib ki, gün ərzində saçlarla oynamamağa diqqət edilməməlidir, çünki saça toxunmaq yağlanmağı sürətləndirir: “Saçlarınızı daramaq dəridən yağın saça çatmasını sürətləndirir. Buna görə də saçlarınızı tez-tez daramayın. Heç vaxt saçınızın köklərinə kondisioner sürməyin".
G.Feyziyeva sonda əlavə edib ki, tez yağlanan saçlarınız varsa, quru şampundan istifadə etməlisiniz: "Saçınızın köklərinə quru şampun çəkdikdən sonra 1-2 dəqiqə gözləyin və geniş dişli daraqla saçlarınızı darayın".
Xəyalə Rza
















