Qafqaz regionu strateji mövqeyi, zəngin təbii resursları və etnik-dini müxtəlifliyi ilə əsrlər boyu böyük güclərin maraq dairəsində qalmaqda davam edib.
Regionun tarixi boyunca yaşanan münaqişələr, geosiyasi toqquşmalar və maraqların toqquşması həm daxili, həm də xarici amillərlə izah olunur. Bu baxımdan Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər və qarşılaşdığı çağırışlar diqqətəlayiqdir.
Azərbaycan Qafqazın cənubunda, Xəzər dənizinin qərb sahilində yerləşir, Avropa və Asiyanı birləşdirən strateji enerji və nəqliyyat dəhlizlərinin mərkəzində dayanır. Bu mövqe ölkəyə həm iqtisadi, həm də geosiyasi baxımdan əvəzolunmaz üstünlüklər təmin edir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihələri Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat şəbəkəsində mühüm yer tutduğunu göstərir. Ölkəmizin zəngin neft və qaz ehtiyatları, ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. 2025-ci ildə TAP və TANAP vasitəsilə Avropaya enerji ixracatı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirəcək. Bununla belə, Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra yaranan gərginliklər Azərbaycanın bu potensialını tam şəkildə reallaşdırmasına mane ola biləcək risklər yaradır.
Ermənistan-Azərbaycan münaqişəsi Qafqazın ən mürəkkəb və həssas problemlərindən biri olub. 1990-cı illərdə başlayan və 2020-ci ildə Vətən müharibəsi ilə yeni bir mərhələyə qədəm qoyan bu münaqişə 2025-ci ilə qədər regionun əsas siyasi və təhlükəsizlik məsələsi kimi müzakirə edilir. Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etsə də, Ermənistanla sülh müqaviləsinin hələ də tam imzalanmaması, sərhəd məsələlərində davam edən gərginliklər və beynəlxalq ictimaiyyətin qərəzli yanaşmaları bu problemi həll etməyi çətinləşdirir. Ermənistanın qeyri-konstruktiv mövqeyi və onun bəzi beynəlxalq aktorlar tərəfindən dəstəklənməsi Cənubi Qafqazda daimi sülh və sabitliyin əldə olunmasınə süni formada əngəlləyir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı yaranan mübahisələr, Azərbaycanın regiondakı nəqliyyat-logistika mərkəzinə çevrilmək ambisiyalarını reallaşdırmaq üçün əhəmiyyətli sınaqdır.
2025-ci ildə Qafqaz regionu böyük güclərin maraqlarının kəsişdiyi bir məkana çevriləcək. Rusiya regionu "yaxın xaric" olaraq qəbul edir və burada öz təsir dairəsini qorumağa çalışır. Moskvanın Cənubi Qafqaz siyasəti həm Ermənistanla yaxın əlaqələrini, həm də Azərbaycanla enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı tarazlaşdırmaq cəhdlərindən ibarətdir. Lakin Rusiyanın Ukrayna müharibəsi və daxili siyasi təlatümləri onun Cənubi Qafqazdakı təsir gücünü zəiflədir.
ABŞ və Avropa İttifaqı isə regiona əsasən enerji təhlükəsizliyi və demokratiyanın təşviqi baxımından maraq göstərir. Azərbaycan bu platformalarda əməkdaşlığı gücləndirərək, xüsusilə enerji ixracatı və ticarət əlaqələrini genişləndirməyə çalışır. O cümlədən, Türkiyə Azərbaycanın strateji müttəfiqi kimi hərbi, iqtisadi və diplomatik sahələrdə fəal dəstəyini davam etdirir. 2025-ci ildə Azərbaycan-Türkiyə əməkdaşlığı hər iki ölkənin regional və qlobal səviyyədə nüfuzunun artmasına töhfə verəcək. İran isə bəzən qeyri-müəyyən siyasət yürüdərə Ermənistanı dəstəkləyən mövqeləri ilə diqqət çəkir. Buna baxmayaraq, Azərbaycan, İranla konstruktiv dialoq çərçivəsində qarşılıqlı maraqları qorumağa çalışır.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın Cənubi Qafqazda əsas nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirəcək mühüm bir layihədir. Bu dəhliz Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsini birləşdirərək regionda iqtisadi fəallığı artıracaq və beynəlxalq ticarət yollarını şaxələndirəcək. Lakin Ermənistanın bu layihəyə qarşı müqaviməti, bəzi beynəlxalq aktorların qeyri-müəyyən mövqeyi dəhlizin reallaşdırılmasını ləngidir. Buna baxmayaraq, Azərbaycan, Türkiyə və Gürcüstan arasında mövcud üçtərəfli əməkdaşlıq formatları bu maneələrin aradan qaldırılmasında mühüm rol oynayacaq.
Azərbaycanın xarici siyasəti milli maraqların müdafiəsi, ərazi bütövlüyünün qorunması və iqtisadi inkişafın təmin olunması prinsiplərinə əsaslanır. Azərbaycan qonşu dövlətlərlə sülh və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək məqsədini güdsə də, öz suverenliyinə qarşı yönələn hər hansı təhdidə sərt cavab vermək gücünə malik olduğunu bəyan edir. Bununla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və multikulturalizm prinsiplərini təşviq edərək beynəlxalq arenada nüfuzunu artırır. Rəsmi Bakının Qoşulmama Hərəkatına sədrliyi onun qlobal məsələlərdə daha fəal iştirakını təmin edir və inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək imkanlarını genişləndirir.
2025-ci ildə Qafqaz regionu geosiyasi toqquşmalar, tarixi ədalətsizliklər və böyük güclərin maraqları ilə səciyyələnən mürəkkəb bir məkan olaraq qalmaqda davam edəcək. Azərbaycanın strateji mövqeyi, zəngin resursları və diplomatik bacarıqları dövlətin regionda lider mövqeyini gücləndirməsinə şərait yaradır. Lakin daimi sülhün və sabitliyin təmin olunması üçün Ermənistanla davam edən münaqişələrin həlli və beynəlxalq aktorların daha obyektiv yanaşma vacibdir.
Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünü qorumaqla yanaşı, regionda sabitlik və inkişafı təmin etmək, beynəlxalq səviyyədə daha geniş tanınan bir aktor kimi çıxış etməkdir. Bu məqsədlərə nail olmaq üçün strateji resurslar, diplomatik səylər və milli birlik önəmli rol oynayacaq.
Əli Hüseynov