• Bakı 29° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

3 sentyabr 1991-ci il - Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi

SİYASƏT

03 Sentyabr 2025 | 15:47

3 sentyabr 1991-ci il - Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi

Azərbaycanın müstəqillik yolunda keçdiyi mərhələlər arasında 1991-ci il sentyabrın 3-ü xüsusi əhəmiyyət daşıyır. Həmin gün Naxçıvan Muxtar Respublikasında keçirilən Ali Məclisin fövqəladə sessiyası sadəcə bir parlament iclası deyildi.

Bu, xalqın iradəsinin təzahürü, milli dövlətçilik ideyalarının yenidən dirçəldilməsi və gələcək müstəqillik kursunun başlanğıcı idi. Minlərlə insanın israrlı tələbi ilə Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi Azərbaycanın siyasi taleyini dəyişdirən qərar oldu.

Uzun illər müstəqillik arzusunda yaşamış xalq həmin gün özündə böyük güc və inam taparaq milli lideri ilə birliyini təsdiqlədi. O dövrdə ölkə dərin siyasi böhranla üz-üzə idi, dövlətçiliyin gələcəyi sual altında qalırdı. Lakin Heydər Əliyevin rəhbərliyə qayıdışı xalqın ümidlərini dirçəldərək, Azərbaycanın parçalanmaq və zəifləmək təhlükəsinə qarşı əsas dayaq nöqtəsinə çevrildi. Naxçıvandan başlanan bu missiya qısa zamanda bütün ölkəni əhatə etdi və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının yolunu açdı.

Heydər Əliyevin Ali Məclisin sədri kimi fəaliyyəti yalnız Naxçıvan üçün deyil, ümumilikdə Azərbaycan üçün tarixi əhəmiyyət daşıdı. Onun uzaqgörənliyi, siyasi qətiyyəti və xalqla birliyi ölkənin gələcək inkişafına möhkəm təməl yaratdı. O dövrün ictimai-siyasi mühitində insanlar artıq anlayırdılar ki, dövlətçiliyin xilasının və Azərbaycanın dünya birliyində layiqli yer tutmasının yeganə yolu məhz onun liderliyi ilə mümkündür.

Ulu Öndərin siyasi kursu sonrakı illərdə müstəqilliyin möhkəmləndirilməsinə, milli birliyin qorunmasına və iqtisadi yüksəlişə xidmət etdi. Onun qoyduğu əsaslar üzərində ölkəmiz beynəlxalq miqyasda tanındı, dünya dövlətləri ilə əməkdaşlıq münasibətləri qurdu və milli maraqlarını müdafiə edən mövqeyini nümayiş etdirdi.

Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi inkişafı, sosial rifahı və təhlükəsizliyi məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin məntiqi nəticəsidir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və güclü dövlət quruculuğu bu kursun əsas hədəflərindəndir.

Beləliklə, 3 sentyabr 1991-ci il Azərbaycan tarixində sadəcə bir tarix deyil, xalqın iradəsinin təntənəsi və milli dirçəlişin başlanğıcıdır. Bu gün biz o günün dərslərini unutmadan, müstəqil dövlətimizi daha güclü və firavan etmək üçün çalışmaqla Ulu Öndərin ideyalarını yaşadır və gələcək nəsillərə örnək göstəririk.

Züriyə Qarayeva

Bakıvaxtı.az


SON XƏBƏRLƏR