ABŞ Prezidenti Donald Trampın bu gün - Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtondakı səfəri zamanı 1992-ci ildə Azadlığa Dəstək Aktı” qanununun 907-ci düzəlişinin tətbiqini dayandıracaq sənədi imzalayacağı gözlənilir.
Sözügedən düzəlişin mahiyyəti nədən ibarətdir?
Bakıvaxtı.az bildirir ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş “Azadlığa Dəstək Aktı” (Freedom Support Act) postsovet ölkələrinə iqtisadi və humanitar yardım göstərilməsini nəzərdə tuturdu. Lakin bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın ABŞ hökumətindən birbaşa dövlət yardımı almasını qadağan etdi.
Qadağanın əsas səbəbi kimi o dövrdə erməni lobbisinin təsiri altında formalaşan mövqe göstərilirdi — iddia olunurdu ki, Azərbaycan Ermənistanı və Dağlıq Qarabağı “blokada”ya alıb.
Bu düzəlişə görə:
ABŞ hökuməti Azərbaycana birbaşa yardım edə bilməzdi;
İstisna yalnız qeyri-hökumət təşkilatları və humanitar yardımlar üçün nəzərdə tutulurdu;
Məhdudiyyət 2002-ci ildən etibarən ABŞ prezidentlərinin illik qərarları ilə müvəqqəti dayandırılsa da, qanun qüvvədə qalırdı.
İndi isə Donald Trampın bu gün həmin düzəlişin tam tətbiqini ləğv edəcək sənədi imzalayacağı gözlənilir ki, bu da ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir.
Əli Hüseynov