ABŞ və Çin arasında müəyyən siyasi və iqtisadi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, tərəflər yüksək səviyyəli təması gücləndirmək istiqamətində çalışmağa davam edir. Belə ki, ABŞ maliyyə naziri Janet Yellen yüksək səviyyəli rəsmilərlə görüşmək üçün Pekinə dörd günlük səfər edəcək.
Bakıvaxtı.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, səfər iyulun 6-da baş tutacaq.
ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, xanım Yellenin Çin rəsmiləri ilə müzakirələri ikitərəfli əlaqələri "məsuliyyətlə idarə etmək", narahatlıq doğuran sahələr haqqında birbaşa ünsiyyət qurmaq və qlobal çağırışların öhdəsindən gəlmək üçün birgə işləmək yollarını əhatə edəcək.
Qarşıdan gələn səfərlə bağlı jurnalistlərə məlumat verən Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi bildirib ki, qlobal hasilatın təxminən 40 faizini kollektiv şəkildə təmsil edən iki ölkənin "bir-birinin hərəkətlərini başa düşməsi və mümkün olan sahələrdə əməkdaşlıq etməsi" vacibdir.
Rəsmi ABŞ-ın Pekinlə "sağlam iqtisadi rəqabət" axtardığını və iqtisadi təcridi davam etdirmək niyyətində olmadığını vurğulayaraq, "Beləliklə, razılaşa bilmədiyimiz yerlərdə belə, yanlış şərhlərin və gözlənilməz nəticələrin qarşısını almaq üçün ünsiyyəti davam etdirmək çox vacibdir", - deyə əlavə edib.
Adının açıqlanmasını istəməyən Nazirlik rəsmisi, səfərin əsas məqsədinin mart ayında yaradılmış Çinin yeni iqtisadi komandası ilə əlaqə yaratmaq olduğunu deyib.
O, Yellenin kiminlə danışıqlar aparacağını açıqlamayıb, lakin onun həmkarlarından birinin iqtisadi və maliyyə məsələləri üzrə məsul olan baş nazirin müavini He Lifeng olacağı ehtimal edilir.
Səfər zamanı Yellen həmçinin Çində çalışan aparıcı ABŞ şirkətləri ilə də görüşəcək.
















