ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəsin elan olunması, girovların azad edilməsi və humanitar yardımlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan qətnamə layihəsinə yenidən veto qoyub. Bu addım beynəlxalq aləmdə geniş rezonans doğurub.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin veto qərarı bölgədə sülh prosesini ləngidən əsas amillərdən birinə çevrilə bilər:
“Çünki atəşkəs və humanitar yardım kimi fundamental məsələlərin bloklanması tərəflər arasında inamsızlığı daha da gücləndirir. Bu addım xüsusilə fələstinlilərin və ərəb dünyasının ABŞ-ni neytral vasitəçi kimi qəbul etməsinə mane olur. Əksinə, Vaşinqtonun İsrailin mövqeyinə tam dəstək verdiyi təsəvvürü güclənir. Belə şəraitdə diplomatik həll yollarının möhkəmlənməsi çətinləşir”.
Müsahibimiz hesdab edir ki, digər böyük güclərin yekdil dəstəyinə rəğmən qətnamənin qəbul olunmaması BMT Təhlükəsizlik Şurasının effektivliyinə ciddi zərbə vurur. Onun sözlərinə görə, bu, təşkilatın qlobal sülh və təhlükəsizlik məsələlərində nüfuzunu zəiflədir. Nəticədə beynəlxalq ictimaiyyət BMT-nin böhranlı vəziyyətlərdə real təsir gücünün olmadığını düşünə bilər. Politoloq hesab edir ki, belə vəziyyət həm də bölgədə gərginliyin davam etməsinə, yeni zorakılıq dalğalarının yaranmasına səbəb ola bilər. Qətnamənin rədd olunması tərəfləri daha radikal mövqelərə sürükləyə bilər.
Züriyə Qarayeva: Gələcəkdə digər münaqişələrdə tərəfləri masa arxasına toplamaq ABŞ üçün daha çətin ola bilər
“Bu veto ABŞ-nin beynəlxalq nüfuzuna mənfi təsir göstərə bilər. Vaşinqton tərəfdaşlarının dəstəyini alsa da, geniş ictimaiyyət qarşısında birtərəfli mövqedə görünür. Bu da onun qlobal vasitəçi kimi qəbul edilməsinə mane olur. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə ABŞ-nin ədalətli vasitəçi imici zədələnir. Gələcəkdə digər münaqişələrdə tərəfləri masa arxasına toplamaq ABŞ üçün daha çətin ola bilər”, - deyə həmsöhbətimiz qeyd edib.
Z.Qarayevaya görə, ABŞ-nin vetosu İsrailin bölgədəki mövqeyini gücləndirsə də, bu, regiondakı güc balansında yeni dinamikanın yaranmasına səbəb ola bilər:
“Məsələn, Çin və Rusiya kimi aktorların bölgədəki təsir imkanları genişlənə bilər. ABŞ-ın birtərəfli mövqeyi ərəb ölkələrini alternativ tərəfdaş axtarışına yönəldə bilər. Nəticədə Yaxın Şərqdə geosiyasi rəqabət daha da kəskinləşə bilər”.
Zülfü Məmmədov