Xəbər verdiyimiz kimi, avqustun 27-də Şuşada beynəlxalq konfrans keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlama, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub.
Konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edib. Tədbirdə Avropa, Asiya, Latın Amerikası ölkələri - Qvatemala, Panama, Argentina, həmçinin Afrika ölkələri - Uqanda, Çad və digər ölkələr, eyni zamanda, Avstraliya və Okeaniya regionu ölkələrinin təmsilçiləri iştirak edib. Ancaq təəssüf ki, Maraqlıdır ki, dəvət olunmalarına baxmayaraq, Amerika və Fransa səfirliklərindən tədbirə heç kəs qatılmayıb.
Politoloq Nazim Cəfərsoy Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Qarabağla bağlı ənənəvi amerikan və fransız siyasəti proseslərə Minsk qupu çərçivəsində onun həmsədr ölkələri rolu ilə aktiv olmaq şəklində özünü göstərirdi: “Ancaq bunun Azərbaycan üçün Qarabağdakı işğalın sonlandırılması üçün heç bir həll yolu olmadı. Hamının bildiyi kimi, Azərbaycan Vətən müharibəsi ilə məsələni həll etdi. Ondan sonra Minsk qrupunun vəzifələndirildiyi beynəlxalq qətnamələrə uyğun olaraq Azərbaycan əraziləri işğaldan azad etdi. Proseslərin davamı üçün Minsk qrupuna ehtiyac olmadığını açıq şəkildə göstərdi".
Politoloq qeyd edib ki, Amerika və Fransa nümayəndələri özlərinin həm xarici siyasət konseptinin bir parçası, həm oradakı erməni lobbisinin fəallığı kimi, həm də proseslərdə bölgədə fəal olmaq və Azərbaycana müəyyən mənada təzyiq etmək çərçivəsində hərəkət edərək Minsk qrupunu istifadə etməyə çalışırlar: “Həmçinin onlar bu konsept çərçivəsində Şuşaya getməkdən boyun qaçırmağa çalışırlar. Düzdür, müəyyən Avropa ölkələri, Rusiya səfiri getmişdi, ancaq Amerika və Fransa bu proseslərə etinasız yanaşır. Hikmət Hacıyev də bu məqamı gündəmə gətirib. Bu da, əslində, Minsk qrupunun statusunu qorumaq və ya Minsk qrupunun üzərindən Qafqazdakı proseslərdə fəal olmaq cəhdlərindən qaynaqlanan bir prosesdir. Buna etinasız yanaşmaq erməni tezisləri ilə üst-üstə düşmək deməkdir. Çünki Ermənistan Şuşaya hər hansı diplomatik səfəri qanunsuz qiymətləndirir, oranı “işğal edilmiş bölgə” kimi görür. Amerika və Fransanın Azərbaycanın dəvətinə etinasız yanaşması və boyun qaçırması erməni tezisini paylaşmaları kimi yozulmalı və anlaşılmalıdır. Amerika da, Fransa da Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü tanıyıb. Şuşa da daxil olmaqla, Qarabağ Azərbaycan ərazisidir, dolayısı ilə, Amerika və Fransa səfirləri belə etinasız yanaşaraq özlərinin Azərbaycanla münasibətlərində istinad etdikləri beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə etinasız yanaşmış olurlar”.
Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycan həm Minsk qrupu nədəni ilə, həm də Şuşaya gəzilər səbəbi ilə Qarabağla bağlı müzakirələri Amerika rəsmiləri və ya Amerika səfirliyi ilə müzakirə etməməlidir: "Deməlidir ki, siz madam, bu cür tezislərlə çıxış edir, Minsk qrupunu yenidən diriltməyə çalışırsınız, dəvətlərimizə etinasız yanaşırsınız, o zaman bu mövzularla bağlı da Azərbaycan tərəfi sizə etinasız yanaşacaq. Hikmət Hacıyev çıxışında bunu da vurğulayıb ki, Qarabağ məsələsi artıq xarici siyasət mövzusu deyil. Ona görə, bu mövzunu onlarla müzakirə etməyə heç ehtiyac da yoxdur”.
Aytac Aslan








jpg-1664184359.webp)







