Son illərdə Çin investisiyaları Afrika qitəsində sürətlə artmaqda davam edir. Mərkəzi Asiya və Afrika ölkələrindən tutmuş, Latın Amerikası və Avropaya qədər genişlənən bu proses, yalnız iqtisadi layihələri deyil, eyni zamanda diplomatik və siyasi təsir gücünü də gücləndirir.
Afrika ölkələri üçün Çin investisiyaları böyük imkanlar yaratsa da, bu əməkdaşlıq müəyyən iqtisadi asılılıq risklərini də özü ilə gətirir.
Əsas sual isə budur: Afrika dövlətləri bu əməkdaşlıqdan fayda götürərkən, iqtisadi və siyasi asılılığı necə minimuma endirə bilərlər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Abutalıb Səmədov deyib ki, son illər Çin investisiyaları dünyanın müxtəlif regionlarına yayılıb:
"Bu investisiyalar dövlətlər üçün müəyyən imkanlar yaradır, amma eyni zamanda risklər də daşıyır.Afrika ölkələri Çin investisiyalarını cəlb edərkən bu balansı nəzərə almalıdırlar. Çin investisiyalarının əsas risklərindən biri onların kredit əsaslı olmasıdır".

Abutalıb Səmədov: Çin investisiyaları yalnız digər şərtlər mövcud olduqda problem yaratmaz
Onun sözlərinə görə, borcun ümumi daxili məhsula nisbəti qanunla müəyyənləşdirilməli, strateji obyektlər riskə atılmamalıdır:
"Kredit müqavilələri imzalanarkən şəffaflıq təmin edilməlidir. Digər mühüm risk alternativlərin olmamasıdır. Çin investisiyaları ilə yanaşı, Hindistan, Yaponiya, Cənubi Koreya, Avropa İttifaqı və Körfəz ölkələrinin investisiyaları da Afrikaya cəlb edilməli, yalnız Çin modelinə bağlılıqdan qaçınılmalıdır".
Həmsöhbətimiz vurğulayıb ki, Çin investisiyası qoyduğu ölkələrdə öz şirkətlərini, işçi qüvvəsini və materiallarını daha çox istifadə edir:
"Bu halların qarşısını almaq üçün yerli şirkətlərə kvota ayrılmalı, yerli işçilərin minimum faizi təmin edilməli və digər məsələlər nəzərə alınmalıdır. Unutmaq olmaz ki, Çin investisiyaları yalnız digər şərtlər mövcud olduqda problem yaratmaz. Bu halda Çin investisiyaları inkişaf alətinə çevrilir və risklər minimuma enir".
Əli Hüseynov
Bakı 




