• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ağdərə rayonunu hansı məntiqlə ləğv etmişdilər?

Gündəm

04 Dekabr 2023 | 13:42

Ağdərə rayonunu hansı məntiqlə ləğv etmişdilər?

Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub. Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir.

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. 1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Əksəriyyət hesab edir ki, Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olunmuşdu.

Siyasətçi Akif Nağı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, 1992-ci ildə Ağdərə rayonunun statusunun ləğv olunması və ərazilərinin 3 rayon arasında - Kəlbəcər, Ağdam və Tərtər rayonları arasında bölünməsi anlaşılmaz idi.

Onun sözlərinə görə, Ağdərə rayonunun bəzi kəndlərinin Ağdama verilməsi məsələsi ümumiyyətlə uyğunsuz idi: "Ağdam rayon mərkəzində bizim kəndimiz (Papravənd – red.) 20 kilometr məsafədədir. Ağdərənin kəndləri isə rayon mərkəzindən hardasa 30-50 kilometrlik məsafədə idi. Yəni idarə olunması baxımından problemli idi. Məncə, həmin dövrdə bu məsələnin iqtisadi tərəfləri düşünülmürdü. Bunu daha çox siyasi addım kimi dəyərləndirmək lazım idi. Ancaq bunda da məntiq görmürəm”.

Müsahibimiz hesab edir ki, niyə belə bir addım atdıqlarını həmin dövrdə rəhbərlikdə təmsil olunmuş şəxslər izah etsələr daha yaxşı olar: “İzah etsinlər görək hansı məntiqlə Ağdərəni rayon kimi ləğv etmişdilər”.

Akif Nağı: Ağdərə rayonunun bərpa olunması çox vacib və əhəmiyyətli hadisədir

A.Nağıya görə, Ağdərə rayonunun bərpa olunması çox vacib və əhəmiyyətli hadisədir. Çünki ermənilər böyük bir ərazini əhatə edən Ağdərənin adını dəyişdirmişdilər. Ağdərənin öz kəndlərini əhatə və idarə etməsi iqtisadi, inzibati cəhətdən də əlverişli olacaq. Qeyd etdiyim kimi, kəndlərlə rayon mərkəzi arasında məsafə kifayət qədər böyükdür".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024