“Ermənistanda vəziyyət gərgin olsa da, etiraz aksiyaları günlərlə davam etsə də, hadisələr böyümədi”.
Bunu Ermənistanda keçirilən etiraz aksiyalarını Bakıvaxtı.az-a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.
Onun sözlərinə görə, İrəvanda baş verənlər Paşinyan hökumətini narahat edəcək qədər ciddi deyil:
"Keşiş Baqrat Qalstanyan tərəfindən təşkil edilən mitinqlər ciddi təsirə malik deyil və itaətsizlik kampaniyasıdır. Məsələ ondadır ki, aksiyalar kənar güclərin təsiri və təhriki ilə həyata keçirilir. Çox güman, Paşinyan hökuməti yaxın günlərdə bu məsələni birdəfəlik aradan qaldıracaq”.
Müsahibimiz hesab etmir ki, Ermənistandakı etiraz askiyaları və müxalifətin digər addımları Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarını dayandırmasına və istefasına gətirib çıxara bilər:
“Paşinyanın Ermənistanda ən çətin dövrü İkinci Qarabağ savaşı və ondan sonrakı ilk dönəmlər olub. Müharibədən sonrakı seçkilərdə Paşinyanın 50 faizin üzərində səs toplaması o deməkdir ki, baş nazirin ölkədə nüfuzu kifayət qədərdir".

Samir Hümbətov: Qalstanyanən təşkil etdiyi mitinqlər ciddi təsirə malik deyil
S.Hümbətov vurğulayıb ki, Paşinyan erməni xalqına mövcud reallıqları çatdıra bilir:
"Bildirir ki, Azərbaycanla danışıqlardan, sülhdən və regional əməkdaşlıqdan başqa çarə, çıxış yolu yoxdur. Görünür, erməni toplumu da bunun fərqindədir. Onu da nəzərə alaq ki, radikal müxalifət indiki halda Paşiyanı devirəcək gücə, imkana sahib deyil. Düzdür, daxildə və kənarda Paşinyanı devirmək istəyən qüvvələr var. Bu, Rusiya da ola bilər, digərləri də. Amma Paşinyanın hakimiyyətdən getməsi real görünmür. Paşinyan uzaq başı yeni seçkilərin keçirilməsi ilə razılaşa bilər".
Qeyd edək ki, Ermənistanda başlayan etiraz aksiyaları davam edir. “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan hərəkatın İrəvanın mərkəzində genişmiqyaslı mitinq keçirəcəyini bildirib. Mitinqin vaxtı və tarixi hələlik açıqlanmayıb.
Aydın Baxış














jpg-1718435599.webp)

