2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən media-tur çərçivəsində məlumat verib.
O bildirib ki, ölkəyə ən çox Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstan vətəndaşları səfər edib.
Onun sözlərinə görə, BBƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Hindistan, Cənubi Asiya vətəndaşlarının səfərlərində kəskin azalma var:
"Müqayisə üçün qeyd edim ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 faiz azdır. Lakin bu azalmanı qiymətləndirərkən onun strukturuna diqqət yetirmək vacibdir. Azalmanın əsas səbəbi Körfəz ölkələri və Cənubi Asiya regionundan gələn axınların azalması, eləcə də regionda baş verən hərbi-siyasi hadisələrin təsiri ilə bağlıdır. Bununla yanaşı, digər istiqamətlər üzrə artım müşahidə olunur. Xüsusilə Avropa ölkələrindən, eləcə də türk dövlətləri – Qazaxıstan və Özbəkistandan Azərbaycana gələnlərin sayında artım qeydə alınıb.
Yəni ümumi azalma olsa da, bu, bütün ölkələr üzrə eyni səviyyədə deyil. Ən ciddi azalma məhz Körfəz və Cənubi Asiya istiqamətində müşahidə edilir".
Bakı 



