• Bakı 26° C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında - Türk-Azərbaycandilli yazılarda

CƏMİYYƏT

18 Avqust 2025 | 09:16

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında - Türk-Azərbaycandilli yazılarda

Yeddinci yazı

Kənd həyatından bəhs edən yazılar -1980-ci illərin əhatəsi

Birinci hissə

XX əsrin 80-ci illərini əhatə edən dövr  Arçut kəndinin sosial-məişət həyatının  dirçəliş mərhələsi olmuşdur. Belə ki, kəndin nailiyyətləri çoxtərəfli olmaqla, müasir evlərin tikintisi, təsərrüfatda maşın və texnikanın geniş tətbiqi, yaylaq ənənəsinin genişlənməsi, məişət həyatının avtomatlaşdırılması,  sovxoz və fərdi təsərrüfatın gəlirlərinin artması ilə müşayiət olunmuşdur. Kənd 1988-ci ilə qədər özünün fəal həyatını yaşamış və bu barədə mətbuatda geniş işıqlandırılmışdır. 1980-ci illərdə meyvəçilik, bostançılıq, çuğundur əkini, taxıl əkini sovxoz təsərrüfatının əsasını təşkil etmişdir. Kənd həyatının texniki avadanlıqlarla təmin edilməsi yüksək səviyyədə həyata keçirilmişdir. Sovxoz özü maşın və texnika ilə yüksək səviyyədə təmin edilmişdir. Sovxoz maşınları fərdi təsərrüfatların da inkişafında mühüm rol oynamışdır. Kəndin elektrikləşdirilməsi, telefon avtomat stansiyaları ilə təmin edilməsi işinə xüsusi fikir verilmişdir. Ortalıq yolu asfaltlanmış, yaylağa yeni yol çəkilmişdir. Arçut sakinləri şəhər təsərrüfatında da geniş şəkildə iştirak etmişdir. Onlar böyük sovetlər ölkəsinin dörd bir yanında müxtəlif peşələrlə məşğul olmuşlar. Kənd inteqrasiya proseslərinə də önəm vermiş və müasirləşmişdir. Cəmiyyətin avanqard, aparıcı təbəqəsi olan gənclik XX əsrin 80-ci illərinin texniki nailiyyətlərindən yüksək səviyyədə istifadə etmək vərdişlərinə yiyələnmişdir. 80 illərdə əhalinin pul gəlirləri çoxalmış və onlar bu vəsaiti fərdi təsərrüfatın inkişafına və gənclərin gələcəyinə kapital olaraq yönləndirmişlər. Bu illərdə gənclik üçün həyatın çaları genişlənmiş və peşələrin sayı çoxalmışdır. 

Qəzet məqalələri kəndin sosial-məişət həyatın tərəflərini zəngin şəkildə işıqlandırmış, gənclərin ideoloji düşüncələri haqqında yazılar dərc etmişdi.  Yazılar həm fərdi olaraq, ayrıca Arçut kəndinə həsr olunmuş, eləcə də kəndin bölgədəki rolunu ifadə etmişdir. Müxtəlif illərdə dərc olunmuş məqalələrlə tanış olduqda bu kimi qənaətə gəlmək olur. 

 “Sovet Ermənistanı” qəzetinin 9 fevral 1980-ci il tarixli, N18 (10910) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Qələbə əzmi ilə” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonunun heyvandarları onuncu beşilliyin dördüncü ilini uğurla yola salmışlar. Belə ki, keçən il rayonda planla nəzərdə tutulandan çox ət, süd istehsal olunmuş, dövlətə məhsul satışı planları artıqlamasilə yerinə yetirilmişdir. Hər inəyin südlülüyü bir ildə 55 kiloqram, ətliyə verilən qaramalın çəkisi 15 kiloqram artırılmışdır. Heyvanların baş sayı da planla nəzərdə tutulandan çoxdur. Rayonun Şaumyan, Andaramud, Hallavar, Marqahovid, Meğrut, Arcut təsərrüfatlarının qazandığı nailiyyətlər xüsusilə fərəhlidir. Bu təsərrüfatların əmək adamları onuncu beşilliyin yekun ilinə böyük hazırlıqla başlamışlar. Quqarklılar V.İ.Leninin anadan olmasının 110-cu ildönümünü, Ermənistanda Sovet hakimiyyəti qurulmasının 60 illik yubileylərini ləyaqətlə qarşılamaq üçün bütün imkanlardan bacarıqla istifadə edir, qələbə əzmilə çalışırlar. İlk günün nəticələri fərəhləndiricidir. Təsərrüfat ilinə uğurla başlayan kənd əməkçiləri beşillik planı vaxtından xeyli tez yerinə yetirmək əzmindədirlər”.

Qəzetin 9 avqust 1980-ci il tarixli, N96 (10988) sayında, Arçut kənd sovxozunun direktoru Məmməd Bayramovun imzası ilə dərc edilən, “İmkanları səfərbərliyə almışıq”, başlıqlı məqalədə qeyd olunurdu: “Kəndimiz Lori-Pəmbək vadisinin axarlı-baxarlı, gözəl guşəsində yerləşmişdir. Yayın isti çağıdır. Zirvəsi qarlı dağlar hələ uzaqdan adama gəl-gəl deyir. Yamaclarda bitən gül-çiçəyin ətri insanı valeh edir. Buradakı dövlət təsərrüfatının iqtisadiyyatı əsasən heyvandarlıqla bağlıdır. İndi yem toplanışının qızğın çağıdır. Bütün imkanlar, texnika, əmək adamları səfərbərliyə alınmışdır. Biçənəklərin, qarğıdalı sahələrinin vaxtında becərilməsi, suvarılması müsbət nəticə vermişdir. Yem boldur. Qısa müddətdə 250 hektardan biçənəyin otu toplanmışdır. Yem toplanışı ilə yanaşı, başqa sahələrdə də qızğın iş gedir. Bu il ət, süd, yun istehsalı planlarını Ermənistanda Sovet hakimiyyəti qurulmasının 60 illik şənliklərinədək bütün göstəricilər üzrə yerinə yetirmək üçün hamı işin sürətini artırır. Sovxozun 51 hektar meyvə bağı vardır. Becərmə işləri aqrotexniki qaydalar əsasında aparılır. Bol meyvə dərmək bağbanların arzusudur. Meyvə bağlarından ot da vaxtında toplanılır. Mexanizatorlarımız tarlaçılarımız gündə 1.5 iş norması yerinə yetirirlər.  Təsərrüfatımızda əmək bahadırları çoxdur. Qazandığımız nailiyyətlər də bilavasitə onların adı ilə bağlıdır. Mexanizator Veysəl Xəlilov işgüzarlığı ilə ad-san qazanmışdır, kollektivdə böyük hörməti vardır. Mexanizmlərin gücündən istifadə istifadə etmək mümkün olmayan sahələrdə kərəntilər dəstəsi işləyir. Hüseyn İbrahimov, Bəxtiyar Yolçuyev, Məməd Əliyev, Səyyad Nəbiyev başqalarına nümunə göstərərək öz gündəlik tapşırıqlarını, 150-160 faiz yerinə yetirirlər. 20-25 kərəntiçi gün çıxandan gün batana kimi yem toplayır. İndi silos quyuları dolur. Fermaların yanında tayalar ucalır...”

Qeyd: o dövrdə dərc olunan qəzet məqalələrində başlıca olaraq zəhmətkeşlərin adları tez-tez çəkilir və onların əməyinə yüksək qiymət verilirdi.

Qəzetin 30 sentyabr 1980-ci il tarixli, N118 (11010) sayında, Şura Dillbazovun imzası ilə dərc olunan,  “Sevindirici nailiyyətlər” başlıqlı məqalədə qeyd olunurdu: “Quqark rayonundakı Arcut sovxozunun heyvandarları keçən ili müvəffəqiyyətlə yola saldıqları kimi cari ili də uğurla başa vurmağa çalışırlar. Burada keçən 8 ay ərzində 1849 sentner süd sağılmışdır. Bu da ötən ilin eyni dövrünə nisbətən 627 sentner çoxdur. Hər inəkdən nəzərdə tutulandan 409 kiloqram çox süd sağılmışdır. Təsərrüfatda dövlətə ət satışı tapşırığı da layiqincə yerinə yeitirilir. Burada 8 ay ərzində 462 sentner ət satılmışdır. Tezliklə illik plan yerinə yetiriələcəkdir. Heyvanların kökəldilib dövlətə təhvil verilməsində Rəhim və Vəli Alıyevlərin səyləri diqqətəlayiqdir”.

Qəzet özünün 2 aprel 1981-ci il tarixli, N40 (11088) sayında “Ermənistan SSR kənd təsərrüfatı qabaqcıllarının SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanın”ın mətnini vermişdi.   “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar siyahısında  Quqark rayonundakı Arcut sovxozunun çobanı Xəlilov Cahandar Cabbar  oğlunun da adı var idi.

Qəzet özünün 19 may 1981-ci il tarixli, N 60 (11108) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Quqark” başlıqlı məqaləsində yazırdı: “Bu yaxınlarda birinci kvartalda heyvandarlıq məhsulları istehsalı və satışı üzrə dövlət planlarının və sosialist öhdəliklərinin  yerinə yetirilməsi gedişinə yekun vurulmuşdur. Arcut sovxozu qalib tanınmışdır. Rayon partiya və icraiyyə komitələrinin keçici bayrağı bu təsərrüfata verilmişdir. Sovxozun heyvandarları planla nəzərdə tutulan 80 əvəzinə 149 sentner ət sataraq kvartal planına 183,7 faiz əməl etmişlər. Tədarük məntəqəsinə verilən hər baş qaramalın diri çəkisi 316 kiloqram olmuşdur. Planda nəzərdə tutulmuş 320 sentner əvəzinə 347 sentner süd təhvil verilmişdir. Sovxozun heyvandarları tezliklə ikinci kvartal tapşırıqlarını yerinə yetirdikləri barədə raport verəcəklər”. 

Qəzet özünün 8 avqust 1981-ci il tarixli, N25(11143) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Gözətçilərin sayıqlığı” başlıqlı məqaləsində yazırdı: “Bu yaxınlarda rayon ərazisində güclü yağış yağmışdı. 8 kilometrədək uzunluğu olan dərin dərədən axan çay kükrəyib coşmuşdu. Arcut kəndinin içindəki beton körpü uçmuş, sel bir neçə binaya xəsarət yetirmişdi. Sel dəmir yoluna şığamış, bir göz qırpımında dəmir körpünü dağıtmışdı. Relslər aralanmış, təhlükəli vəziyyət yaranmışdı. Bu zaman Yerevan-Tbilisi dəmir yolu ilə gələn qatar irəliləməkdə idi. Telefon xətti də işləmirdi. Gözətçi Novruz Kosayev qarşıdakı stansiyaya tərəf xəbərə qaçdı, o biri gözəçtçi Həsən Əmiraslanov isə əlində bayraq yolun ortasında dayanıb vəziyyətin qorxulu olduğunu bildirən siqnallar verdi. Onların sayıqlığı sayəsində qəza sovuşdu”. Şura Dilbazov Quqark rayonu ilə bağlı həmin səhifədə maraqlı yazılarla çıxış edirdi. “Quqark xəbərləri. Yubiley münasibətilə” başlıqlı məqalədə  qeyd olunurdu: “Bu günlərdə Quqark rayon mərkəzində Ermənistan komsomolunun 60 illik yubileyi şərəfinə özfəaliyyət kollektivlərinin toplanışı keçirilmişdir. Rayon komsomol komitəsinin katibi Rita Muradyan şanlı yubileylə əlaqədar görüləcək işlər və tədbirlərdən danışmışdır. Sonra Darbas, Meğrud, Şaumyan kənd məktəblərinin özfəaliyyət kollektivləri geniş proqramla konsert vermişlər. Məktəblilər İcevan-Hrazdan tunelçilərinin təzə kitabxanasına kitablar hədiyyə vermişlər”.      

Qəzetin 14 noyabr 1981-ci il tarixli, N137 (11185) sayında, Məmməd Vəliyevin imzası ilə dərc olunan, “Quqarklıların əmək qələbəsi” başlıqlı məqalədə yazılırdı: “ Heyvandarlıq məhsullarının artırılmasında möhkəm yem bazasının vacibliyi hamıya məlumdur. Bunu yaxşı bilən quqarklılar möhkəm yem ehtiyatı yaratmışlar. Rayonda olan 17 dövlət təsərrüfatından 15-i yem tədarükü planlarını yerinə yetirmişdir. Rayonda 17500 ton əvəzinə 18 min tondan çox ot tədarük edilmiş, 7510 ton senaj, 23355 ton silos hazırlanmış, 767 ton küləş yığılmışdır. Yem tədarükünün gedişinə yekun vurulmuşdur. Gözəldərə, Arcut, Bazum, Lernabad, Darbas, Hallavar, Meğrud, Vahaqin və Dzoragyuğ təsərrüfatlarına  bu sahədə qazandıqları nailiyyətlərə görə nErmənistan KP Quqark Rayon Komitəsinin  və rayon Soveti İcraiyyə Komitəsinin keçici Qırmızı bayraqları verilmişdir. Şaumyan, Arcud, Meğrud, Lernabad, Bazum sovxozları möhkəm yem bazası yaratmaqda gözəl təcrübə qazanmışlar. Bu təsərrüfatlarda biçilən sahələrə ikinci dəfə günəbaxan və qarğıdalı əkilmiş, əlavə yem əldə olunmuşdur...” 

 Qəzet  özünün 12 avqust 1982-ci il tarixli, N97 (11301) sayında, Şura Dilbazovun imzası ilə dərc edilən,  “Fermalar yaylaqda”,  başlıqlı məqalədə yazırdı: “Quqark. Arçut sovxozunun ferma bahadırları Sov.İKP.MK may (1982-ci il) plenumunun qərarından ruhlanaraq cari ildə Vətənə daha çox və keyfiyyətli  heyvandarlıq məhsulları vermək üçün səylərini artırmışlar. Onlar 6 aylıq plana əlavəsilə əməl etmişlər. Hazırda mal-qara yaylaqda bəslənilir. Dağ şəraiti ət və süd istehsalının artmasına müsbət təsir göstərir. İndi burada ötən ilin müvafiq dövrünə nisbətən 200-210 kiloqram çox süd sağılır. Asya Xəlilova, Minayə Yusifova, Şövkət Əhmədova, Xanım və Roza Alıyevalar kimi işə doğma münasibət bəsləyən sağıcı və maldarlar illik ət və süd istehsalını vaxtından tez və artıqlaması ilə yerinə yetirməyə səy göstərirlər. Sovxozun çobanları böyük el bayramını-SSRİ-nin təşkil edilməsinin 60 illiyini əməkdə qazandıqları nailiyyətlərlə qarşılamaq uğrunda mübarizəyə qoşulmuşlar. Çobanlar yaz qırxımını başa vurduqları barədə raport vermişlər. Onlar yaz qırxımından 35,5 sentner əla keyfiyyətli yun almışlar. Bu da illik planın 90 faizini təşkil edir. Peşəsinə ürəkdən bağlı olan çobanlaran Mürşüd İsgəndərovun və Cahandar Xəlilovun sürülərindən daha çox yun qırxılmışdır. Şahvələd İbrahimov, Məhərrəm Məşədiyev, İsmayıl İsmayılov, Mahmud Eminov və başqaları yun qırxımında fəal işlərilə fərqlənmişlər. Çobanlar payız qırxımında daha çox yun almaq və illik plana 150-200 faiz əməl etmək üçün bütün qüvvələrini  səfərbərliyə almışlar. Onlar qoyunları yaxşı bəsləyir, yunun artmasına diqqəti daha da gücləndirirlər”.  

Qəzetin  2 oktyabr 1982-ci il tarixli, N119 (11323) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan,   “Səylə çalışırlar” başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “ Quqark rayonu kolxoz və sovxozlarının heyvandarları on birinci beşilliyin ikinci ilinin tapşırıqlarını vaxtından tez və artıqlamasilə yerinə yetirməyi qərara almışlar. Keçən aylar ərzində dövlətə 60 min  sentner süd satılmışdır ki, bu da ötən ilin eyni dövründəkinə nisbətən 2076 sentner çoxdur. Hazırda fermalarda hər gün 25 sentnerdən çox süd istehsal olunur. Rayonun Fioletovo, Andramut, Arçut, Yeğeqnut, Gözəldərə və Dzoragyuğ təsərrüfatları sosializm yarışında irəlidə gedirlər. Quqarklılar doğma dövlətə bu il 71 min sentner süd satmaq haqqında verdikləri sözü layiqincə yerinə yetirmək üçün mübarizəni davam etdirirlər”.

Sözügedən  qəzetin  1983-cü ildə çıxan bir nömrəsində dərc olunan,     “Kirovakan Lori gözəli” başlıqlı bir məqalədə  maraqlı faktlar qeyd olunurdu: “...1935-ci ilə qədər Kirovakanı Qarakilsə adlandırırdılar. O, miskin görkəmli bir kənd idi. 500 nəfər sakini vardı. Əyri-üyrü küçələri olan kənddə camaat yeraltı evlərdə yaşayır, əkinçiliklə məşğul olurdu. Qarakilsənin əhalisinin demək olar ki, hamısı savadsız idi. `İnqilabdan əvvəl burada cəmi iki sinifli bir məktəb və bir tibb məntəqəsi vardı. 3 yerlik xəstəxananı barmaqla göstərirdilər. Camaat bir parça çörəkdən ötrü olmazın əziyyət çəkirdi. 48 il bundan əvvəl yanvar ayının 3-də şəhər zəhmətkeşlərinin təntənəli yığıncağı oldu. Yığıncaq iştirakçıları bütün sakinlərin adından xahiş etdilər ki, Qarakilsənin adını dəyişsinlər, ona görkəmli inqilabçı və dövlət xadimi Sergey Mironoviç Kirovun adı verilsin. Bu xahiş qəbul edildi. Kirovakana gah Lori gözəli, gah yaşıllıqlar şəhəri, gah nəğmə və mahnı şəhəri, gah da əmək şəhəri deyirlər. O, bütün bu əlamətləri özündə cəmləşdirmişdir...İndi şəhərin 160 mindən artıq əhalisi vardır. O, respublikanın üçüncü sənaye mərkəzi adlanır. Şəhərdə 30-dan artıq iri sənaye müəssisəsi fəaliyyət göstərir. Onların 80 faizi İttifaq tabeliyindədir. Kirovakanda ilk sənaye müəssisəsi sovet hakimiyyətinin ilk çağlarında 1921-ci ildə yaradılmışdır...1922-ci ilin axırlarında köhnə Qarakilsədə mətbəə açıldı. “Qayda” qəzeti nəşr olunmağa başladı...İnqilabdan əvvəl Qarakilsədə yalnız bircə kitabxana olduğu halda, indi burada 14 kitabxana, 63 sahə kitabxanası işləyir və bunlarda bir milyon 550 min nüsxə kitab vardır...”       

Qəzetin 20 avqust 1983-cü il tarixli, N100(1148(6?)0 sayında, Şura Dilbazovun imzası ilə dərc olunan,   “Sizin məktublar. Taxıl yığılır” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonunn Arcut sovxozunda əkinçiliyə də xüsusi diqqət yetirilir. Taxıl zəmiləri xeyli vaxtdır qızılı rəngə çalır. Bir neçə gündür ki, məhsul toplanışına başlanmışdır. Təcrübəli mexanizator İsmayıl Əmiraslanov idarə etdiyi “Niva” kombaynı ilə hər gün bir yarım iş norması yerinə yetirir və itkiyə qətiyyən yol vermir. Bir neçə gündə biçdiyi 20 hektar zəminin hər hektarından orta hesabla 30 sentner taxıl götürülmşüdür. Bu, planla nəzərdə tutulandan 8 sentner, ümumi rayon üzrə göstəricidən isə 10 sentner çoxdur. Bazum, Darbas və Lernabad sovxozlarında taxıl toplanışı sürətlə davam etdirilir”

Həmin qəzetin, 1 noyabr 1983-cü il tarixində, Şura Dilbazovun imzası ilə  dərc olunan,  “ İrəlidə gedirlər” başlıqlı yazısında qeyd olunurdu:  “Quqark rayonu Arcut sovxozunun heyvandarları Ərzaq proqramının həyata keçirilməsi işində fəal iştirak edir, dövlətə ət və süd təhvili planlarını hər ay artıqlaması ilə ödəyirlər. Onlar yaxşı çalışaraq ötən aylar nəzərdə tutulan 2540 əvəzinə 2657 sentner süd, 420 əvəzinə 611 sentner ət istehsal etmişlər ki, bu da keçən ilin eyni dövründəkinə nisbətən xeyli çoxdur. Gülüzar Məsimova, Məleykə Xəlilova, Gülnaz Qasımova və başqaları sosializm yarışında irəlidə gedirlər. Ətlik üçün intensiv qaydada kökəldilən cavan heyvanlara xidmət işi də yaxşı təşkil edilmişdir. Xanım və Roza Alıyevalar təhvil verilən hər bir heyvanın diri çəkisini 335 kiloqrama çatdırmışlar ki, bu da rayon üzrə ən ytüksək göstəricidir. Arcutlular bu il dövlətə 2900 sentner süd və 560 sentner ət satışı planlarını vaxtından bir ay tez-Ermənistanda Sovet hakimiyyəti qurulmasının şanlı 63-cü ildönümü günü ödəməyi qət etmişlər. Bu məqsədlə heyvandarlar  arasında sosializm yarışı gündən-günə genişlənir və yaxşı göstəricilər əldə olunur”.

Qəzetin 6 mart 1984-cü il tarixli, N29 (11545) sayında, Quqark rayonunun Arcut heyvandarlıq sovxozunun direktoru Məhəmməd Bayramovun imzası ilə,  “Dağ kəndinin nailiyyətləri” başlıqlı məqalədə yazılırdı: “SSRİ Ali Sovetinə keçən seçkilərdən-seçkilərə kəndimizdə könülaçan işlər görülmüşdür. Təsərrüfatımızın iqtisadiyyatı möhkəmləndirilmiş, adamların güzaranı yaxşılaşmış, quruculuq işləri genişləndirilmişdir. Qış aylarında gənc qızları işlə təmin etmək üçün kənddə tikiş fabrikinin binası inşa olunmuşdur. Fabrikdə gənclər həvəslə işləyirlər. 200 nömrəlik avtomat telefon stansiyası istifadəyə verilmişdir. Kirovakan-Leninakan magistralından ayrılıb kəndə qalxan yol asfaltlaşdırılmışdır. Son illərdə kəndimizdə onlarca ailə gözəl yaraşıqlı evlər tikmişlər. İnzibati və istehsalat obyektləri də istifadəyə verilmişdir. Elə ailə tapmaq olmaz ki, onun soyuducusu, televizoru, qaz plitəsi, paltaryuyan maşını və digər müasir ev əşyaları olmasın. Hamının həyətində mal-qarası, içməli suyu, hovuzu vardır. Bağlı-bağatlı həyətlər firavanlıqdan xəbər verir. Əlbəttə bunun hamısı fədakar əməyin bəhrəsidir. Partiya və dövlətimizin adamlara göstərdiyi qayğıya onlar öz əməli işləri ilə cavab verirlər. Ərzaq proqramına layiqli töhfələr daxil edirlər. Hazırda təsərrüfatımız rayonda qabaqcıllar sırasındadır.  Son iki ildə hər inəyin südü 409 kiloqram, ətliyə verilən qaramalın orta çəkisi isə 27 kq  artmışdır. Keçən təsərrüfat ilində süd və ət istehsalı planları müvəffəqiyyətlə yerinə yetirildi. Ötən il ondan əvvəlki ilə nisbətən 223 sentner çox ət, 258 sentner çox süd istehsal olundu. Təsərrüfatımız özək ilində ətliyə verilən hər baş qaramalın çəkisinə görə rayon üzrə birinci yeri, hər inəkdən sağılan südün miqdarına görə ikinci yeri tutmuşdur. Cari ildə hər iki sahədə birincilik qazanmaq uğrunda səylərimizi ikiqat artırmışıq. Mal-qara cinsini yaxşılaşdırımışıq. İndi fermalarda 552 baş qaramal, 1548 baş qoyun bəslənilir. Heyvandarlığın inkişafı üçün əlimizdən gələni əsirgəmirik. Mal-qaranın yaylaq şəraitində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə bəslənilməsi adamlara qayğı göstərməyi tələb edir. Bu məqsədlə 10 otaqlı müasir yaylaq evi tikdirmişik. Sosializm yarışını genişləndirən əməkçilərimiz cari ilə də uğurla başlamışlar. Heyvandarlarımızı birinci kvartal üzrə nəzərdə tutulan 80 sentner əvəzinə indiyədək dövlətə 170 sentner orta və ortadan yuxarı köklükdə ət satmışlar. Hər bir qaramalın diri çəkisi 377 kiloqram olmuşdur. Hazırda 100 baş cöngə intensiv üsulla kökəldilir. Onların hər biri yaxın aylarda 380-400 kiloqrama çatdırılıb ətliyə təhvil veriləcəkdir. Birinci kvartalın 390 sentner süd satışı planını da ödəyəcəyik. Arcutlular Ərzaq proqramının yerinə yetirilməsinə layiqli əmək töhfələri daxil etmək üçün əsl vətənpərvərlik nümunəsi göstərir, əzmlə çalışırlar. Yaz əkininə ciddi hazırlıq işləri görülür. Texnika bütövlükdə təmir edilərək saz hala gətirilmişdir. Sahələr gübrələlər münbitləşdirilir. Əkiləcək sahələrə 1500 tondan çox üzvi gübrə verilmişdir. Çatışmayan toxumlar əldə olunur. Arcutlular cari ildə daha yüksək zirvələr fəth etmək üçün əllərindən gələni əsirgəmirlər”

Qəzet  28 aprel 1984-cü il tarixli, N51 (11587) sayında Arçutlu Gülnaz Qasımovanın şəkilini vurmuş və yanında bu sözləri yazmışdır: “Quqark rayonundakı Arcut sovxozunun qabaqcıl sağıcısı, kənd Sovetinin deputatı Gülnaz Qasımova çoxdandır ki, təsərrüfatda çalışır, öz işinin yaxşı ustasıdır. O, hazırda 15 inəyə baxır. Beşilliyin dördüncü ilində Gülnaz bəslədiyi inəklərin hər birindən 2000 kiloqram süd almaq uğrunda mübarizə aparır. Əməksevər sağıcı çalışır ki, verdiyi vədi əməli işə çevirsin”.

Qəzet  özünün  27 avqust 1985-ci il nömrəsində, Şura Dilbazovun imzası ilə, “Müxbirlərimiz yazırlar. Quqark”, başlıqlı məqalədə  yazılırdı: “Rayonun Arcud sovxozu rayonda birinci olaraq yem tədarükü planını yerinə yetirdiyi barədə raport vermişdir. Nəzərdə tutulan 725 əvəzinə 800 ton ot, 68 əvəzinə 110 ton küləş, 800 əvəzinə 840 ton silos, 320 əvəzinə 340 ton senaj tədarük olunmuşdir. Yem tədarükündə Çoban Elləzov, Süleyman Hüseynoğlu, Ruqiyyə Çəltikova, Tamara Süleymanova, Nəriman Musayev, Mehman Əhmədov, Hacıkərim Alıyev və başqaları yaxşı işləri ilə fərqlənmişlər”.

Qəzetin  24 dekabr 1985-ci il tarixli, N154(11828) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Mövsüm mütəşəkkil keçir”  başlıqlı məqalədə yazılırdı: “Quqark rayonunun təsərrüfatlarında mal-qaranın qış-axur dövrü müvəffəqiyyətlə keçir. Yay otlaq dövrünü uğurla keçirən heyvandarlar qışlamaya mütəşəkkil başlamışlar. Fermalarda 16 min baş qaramal, 15 min baş qoyun-quzu bəslənilir. Mal-qararya zootexniki qaydalar əsasında xidmət etmək üçün yaxşı şərait yaradılmışdır. Tövlə və komlar təmir edilmiş, peyin çıxaran qurğular, su qızdırıcıları vaxtında sazlanmışdır. Bu, ferma bahadırlarının əməyini xeyli yüngülləşdirməklə bərabər, heyvandarlıq məhsullarının artırılmasına müsbət təsir edir. İndi hər gün ictimai fermalardan emal müəssisələrinə 11 ton süd göndərilir. Bu da keçən ilin müvafiq dövründəkinə nisbətən ton yarım çoxdur. Hələ noyabrın 15-dək dövlətə 23504 sentner ət satılmışdır. Bu, illik planla nəzərdə tutulandan 3304 sentner çoxdur. Dövlətə süd satışı üzrə də nəticələr ürəkaçandır. Mal-qaranın qış-axur dövrünü səmərəli keçirmək üçün bir sıra təsərrüfatların heyvandarlıq binaları geniişləndirilmiş, Şaumyan və Arcut sovxozlarında yeni tipli tövlələr tikilmişdir. Heyvandarlıq məhsullarının artırılmasında başlıca amil olan möhkəm yem ehtiyatı yaradılmışdır. Bu ilki quraqlığa baxmayaraq 473500 sentner əvəzinə 498323 sentner ot, qaba və şirəli yem toplanmışdır. Bu, keçən ilkindən 31273 sentner artıqdır. Arcut, Andaramut, Dzoragyuğ, Hallavar və bir sıra  digər təsərrüfatlar daha çox yem tədarük etmişlər. Təsərrüfatlarda heyvandar kadrlarıln tərkibinə baxılmış, mal-qaraya xidmət işi qayğıkeş və bacarıqlı adamlara tapşırılmışdır. Qışlama müddətində heç bir itkiyə, tələfata yol verilməmsi üçün ciddi tədbirlər ələ alınmışdır. Heyvandarlıq məhsulları istehsalının durmadan artmasına əsaslı təminat yaradılmışdır. Hazırda hər bir heyvandar mövcud imkanlardan daha səmərəli istifadə edir, qışlamanı uğurla keçirmək üçün əlindən gələni əsirgəmir. Rayonun işgüzar maldarları partiyamızın növbəti XXVII qurultayını alnı-açıq və gülərüzlü qarşılamağa can atır”.

Qəzet  özünün 10 oktyabr 1985-ci il tarixli sayında, Ramiz Məşədiyevin imzası ilə dərc edilən,  “Sadə peşə adamları. İşgüzar, əməksevər maldar”, başlıqlı məqaləsində yazırdı: “Dağı zirvəsi, xalqı isə yetirdiyi oğul və qızları tanıdır. Haqqında söhbət açmaq istədiyimiz də belə oğullardan biridir. Quqark rayonunun Arcut sovxozunda işləyir. Burada maldarlığın inkişafı üçün hər cür şərait yaradılmışdır. Arcutlu heyvandarlar hər il yeni-yeni zirvələr fəth etmək üçün böyük əzmlə çalışırlar. Təsadüfi deyil ki, onlar on birinci beşiliiyin tapşırıqlarını vaxtından yeddi ay tez yetirmişlər. Bu təsərrüfatda çalışan sadə peşə adamları arasında Bayram Əhmədovun böyük nüfuzu vardır. O, 25 ildir ki, fasiləsiz olaraq doğma təsərrüfatda maldarlıqla məşğuldur. Bəslədiyi mallarının hər birinin diri çəkisini  380 -400 kiloqrama çatdırmaq uğrunda əsl mübarizə aparır. İntensiv üsulla bəslədiyi malların gündəlik çəki artımı 900 qram təşkil edir. Arcutda qışlamaya hərtərəfli hazırlıq görülüb. Mal-qara üçün kifayət qədər yem tədarük olunub. Bu iş indi də davam etdirirlər. Adlı-sanlı maldarla təbiətin qoynunda görüşdük. Ətrafda quşların cəh-cəhi eşidilirdi. “Araz yurdu” mal-qara, qoyun-quzu səsinə bürünmüşdü. Bayram Əhmədov naxırı yenə də bu yamyaşıl otağa çıxarmışdı.

–Salam Bayram əmi.

–Sabahın xeyir, nə əcəb?

–Xeyirdir, əmi. Sizin işinizdən hünərinizdən yazmaq istəyirik. Suallar bir-birinə calandı. Cavablar gözləndi. Əmək adamı anadan olduğu, boya-başa çatdığı doğma kəndin qabaqcıllar cərgəsində olması üçün qeyrətlə çalışmaqdan şərəfli bir iş bilmir. Arcutlu heyvandarların adları rayonda həmişə qabaqcıllar sırasında çəkilir.    Naxırçı yoldaşlarından Murtuz Xəlilov, Kərim, Qurban və  Həbib Binnətovlar, Abbas İsayev də nümunəvi  işləyirlər. Bu günlərdə sovxoza təqdim olunan Quqark rayon partiya və icraiyyə komitələrinin keçici Qırmızı bayrağına baxdıqca  əmək bahadırlarının ürəyi dağa dönür. Yeri gəlmişkən qeyd edək ki, sovxozun direktoru Məhəmməd Bayramovun işlədiyi müddətdə dalbadal on bir qələbə raportu verilmişdir. Hazırda Bayram və onun həmkarları bu bayrağı həmişə əldə saxlamağa ciddi səy göstərirlər. Axı, qələbəni əldə saxlamaq onu qazanmaqdan çətindir. Xeyli söz-söhbətdən sonra o, qarşıdakı Bazum sıra dağlarının zirvəsində sayılan, dəniz səviyyəsindən 2700 metr yüksəklikdə yerləşən Todarın enişinə, yoxuşuna, zirvəsinə baxaraq xəyala daldı. Uşaqlığı, ilk gəncliyi, sonrakı zəhmətlə dolu günləri gözləri önündə canlandı. Xeyli sükutdan sonra əlavə etdi:

-İllər quş qanadlı olur. Adam gözünü yumub açınca zaman irəli qaçır. Altmışıncı illər elə bil dağın o üzündə qalıbdır.

–Bu dağlar qəlbinizi lap kövrəldib ki. Bir az da işinizdən danışaydınız.

  -Eh, nə deyim oğul, işləyirik də. Mal-qara yeddi ay fermalarda olur. Onların belə şəraitdə kökəlməsi, südünü artırması üçün yemlərin vaxtında verilməsi vacibdir. Yemin tərkibində vitaminlər. kifayət qədər olarsa, qaramal gündə bir koloqramadək kökələr. Heyvandarlıqdan daha çox gəlir götürmək üçün əlimizdən gələni əsirgəmirik. Partiyamızın XXVII qurultayı  şərəfinə əlavə öhdəliklərimizi müvəffəqiyyətlə yerinə yetirmək əzmindəyik. İldə hər yüz baş inəkdən 90 buzov almaq, hər bir inəkdən isə 2 min kiloqram süd sağılmasını təmin etmək əsas məqsədimizdir. Bayram Əhmədovun şəkli rayon qabaqcıllarının “Şərəf lövhəsi”ndən asılmışdır. O, dəfələrlə kənd Sovetinə deputat seçilibdir. Əməyi layiqincə qiymətləndirilibdir. 1981-ci ildə “Sosializm yarışının qalibi” döş nişanına layiq görülmüşdür. Bu yaxınlarda sadə peşə adamının sevincinə sevinc əlavə olunmuşdur. Planlı tapşırıqları və sosialist öhdəlikləri yerinə yetirdiyinə, peşəsinin sirlərini dərindən bildiyinə  görə Bayram Əhmədova birinci dərəcəli “Maldarlıq ustası” fəxri adı verilmişdir. Bu xeyirxah dağlar oğlundan ayrılarkən ona yeni uğurlar dilədik”.

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

 15   avqust  2025

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

17 Avqust 2025