• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Armen Sarkisyanın qəfil istefası

SİYASƏT

24 Yanvar 2022 | 11:15 | Müəllif: Qalib İbrahimoğlu

Armen Sarkisyanın qəfil istefası

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib. İstefasının əsas səbəblərini açıqlayan Sarkisyan vəzifədən getməsinə səbəb kimi səlahiyyətlərinin məhdud olmasını bildirib. Lakin politoloqların fikrincə, bu istefanın arxasında başqa səbəblər gizlənir.

Nazim Cəfərsoy: “Paşinyan ölkəni yarı prezident üsul idarəsinə götürəcək anayasa islahatları aparmaq niyyətindədir”

Bakıvaxtı.az xəbər verir ki, politoloq Nazim Cəfərsoy Armen Sarkisyanın vəzifəsindən nisbətən gözlənilmədən istefa verməsinin bir neçə səbəbini açıqlayıb: “2022-ci il Paşinyan hakimiyyəti üçün daxili, həm də xarici siyasət baxımından çox kritik ildir. Paşinyan daxildə ölkəni yarı prezident üsul idarəsinə götürəcək anayasa islahatları aparmaq niyyətindədir. Xarici siyasət baxımından isə Ermənistan 2022-ci ildə həm xalq, həm elita, həm də diaspor üçün çox ağrılı prosesdə kritik mərhələ başlayıb. Belə ki, Ermənistan hökuməti həm Azərbaycanla, həm də Türkiyə ilə çox mühüm müzakirə və razılaşmalar mərhələsinə girməkdədir. Bu arada Sarkisyan açıqlamasında ölkədəki vəziyyət "milli böhran" kimi xarakterizə edib. Ümumiyyətlə, mətində sətiraltı hökumətə ciddi tənqidlər var”. Cəfərsoyun sözlərinə görə, Paşinyanın daxildə və xaricdə hər iki strateji məsələdə tam nəzarəti təmin etməsi həyatı mahiyyətdədir: “Sarkisyan hər nə qədər Qərbin (İngiltərənin) adami kimi tanınsa da, Ermənistanda inqilabla gəlməmiş və dövlətdə ali postda oturan tək siyasi idi. Bu mənada Paşinyan komandasının üzvü deyil. Üstəlik son 2 ildə çox kritik proseslərdə (höküməti istefaya çağırmaq, milli birlik hökuməti, ordu qərargahı rəisinin işdən çıxarılmasına etiraz və s.) Paşinyanla arasına məsafə qoymağa sonuna qədər çalışan və sistemin imkanlarını qanunu istifadə edən prezident idi”.

Politoloq deyib ki, son 2 ildə Paşinyan daxildəki ən mühüm məqsədi dövlətin bütün qurumlarına tamam hakim olmaq olub. Diğər mövzularının xeyli hissəsi həll olub, indi prezident kürsüsünün ələ keçirilməsi mərhələsinə keçilib: “Prezident kürsüsünün tam nəzarətə alınması həm də geri qalan mühüm postların ələ keçirilməsi baxımından önəmlidir. Görünür, Paşinyan və komandası bu məsələni çox mühüm hesab edib. Mövcud güc balansında öncəliklə həm parlamentin seçəcəyi prezident kürsüsünə (çox yüksək ehtimal 3/5 çoxluğun-65 vəkil- şərt olduğu ikinci turda) Paşinyanin adamı seçiləcək”,

Onun fikrincə, ikincisi, islahatlarla güclü bir yarı-prezident sistemi gələcək.Sonrası da uyğun zamanda Paşinyan prezident olacaq kimi görünür: “Digər tərəfdən, Paşinyanın bu prosesdə yaratdığı siyasi, inzibatı və ictimai şərtlərlə Sarkisyanı istefaya məcbur qoyduğunu demək olar. Ermənistan siyasətinin köhnə və güclü fiqurları Sarkisyan, Köçəryan, Sarukyan və ordunun rəhbərliyini məğlub edən Paşinyanın qarşısında Sarkisyanın çox davam gətirməsi məntiqli görünmürdü. Dediyinə görə, Sarkisyanın kişilik və xarakter olaraq Paşinyana həm müqavimət göstərməsi, ya da alacağı qərarlara ortaq olmaq istəməməsi də bir digər kritik səbəb ola bilər: “Üstəlik, açıqlamada Sarkisyan səhhətiylə bağlı da məqamları da vurğulayıb... Diğər tərəfdən, onun bu qərari İngiltərədən xəbərsiz alması da məncə, mümkün görünmür. Ola bilər ki, İngiltərə Paşinyanla doğrudan razılaşıb. Bunda İngiltərə-Turkiyə və İngiltərə-Azərbaycan münasibətlərinin də rolu ola bilər. Bir ehtimal da Sarkisyanın istefası İngiltərənin son proseslərdən narahatlığının təzahürü kimi də görünə bilər. Hadisə çox istidir, daha geniş mənzərəni zaman içində daha aydın görmək olar”,  - deyə politoloq bildirib.

Elxan Şahinoğlu: “Sarkisyanın istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Sarkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq: “Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri bəllidir, bunu Armen Sarkisyan ona prezident olmağı keçmiş baş nazir Serj Sarkisyan təklif edərkən bilirdi. Sadəcə, hadisələr elə inkişaf etdi ki, Nikol Paşinyan Serj Sərkisyanı devirərək seçki yolu ilə baş nazir oldu. Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra prezident Armen Sarkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, “səlahiyyət məndə olsaydı, nəticə fərqli olardı””.

Politoloqun sözlərinə görə, ən maraqlısı odur ki, Armen Sarkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma: “Armen Sarkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq”.

Şahinoğlu qeyd edib ki, Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz: “O, yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Sarkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sarkisyanın qəfil istefasından sonra Paşinyan Kontsusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasının lehinə olmayacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR