Avropa Parlamenti çərçivəsində miqrasiya siyasəti ilə bağlı müzakirələrin son dövrlərdə intensivləşməsi Avropa İttifaqı daxilində mövcud fikir ayrılıqlarını daha da qabarıq şəkildə üzə çıxarıb.
Üzv dövlətlərin miqrant axınlarının idarə olunması, sığınacaq prosedurları və məsuliyyət bölgüsü kimi məsələlərdə fərqli mövqelərdən çıxış etməsi vahid yanaşmanın formalaşdırılmasını çətinləşdirir. Xüsusilə Şərqi və Qərbi Avropa ölkələri arasında yanaşma fərqləri siyasi konsensusun əldə olunmasını ləngidir.
Bu kontekstdə əsas sual yaranır: dərinləşən fikir ayrılıqları Aİ-nin daxili siyasi birliyinə nə dərəcədə təsir göstərə bilər?
Məhz bu sual ətrafında aparılan müzakirələr təşkilatın gələcək sabitliyi və inteqrasiya proseslərinin davamlılığı baxımından xüsusi aktuallıq kəsb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa İttifaqında birlik anlayışı artıq formal xarakter daşıyır.
Onun sözlərinə görə, Avropa İttifaqının bütün qurumlarında daxili ziddiyyətlər var və bu, açıq şəkildə görünür. Müsahibimiz qeyd edib ki, bu vəziyyətin bir neçə səbəbi mövcuddur:
"Xüsusilə, ABŞ-nin Avropa ölkələrini Rusiya qarşısında zəif vəziyyətdə qoyması qeyd olunur. Eyni zamanda, Ukrayna böhranı ilə bağlı qərar qəbul etməkdə çətinliklər yaşanır. Bəzi ölkələr Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir. Digər ölkələr isə Ukraynanı dəstəkləyərək Rusiyanı zəiflətmək tərəfdarıdır".

Elçin Xalidbəyli, politoloq
Politoloq əlavə edib ki, son dövrlər Avropada yeni təhlükəsizlik sisteminin qurulması məsələsi də fikir ayrılıqları yaradır. Bəzi ölkələr hesab edir ki, bu sistemdə Türkiyə mühüm rol oynaya bilər. Digər tərəfdən, Fransa, Yunanıstan və bəzi başqa ölkələr Türkiyənin Avropa məkanında yer almasına qarşı çıxır. Bu da ziddiyyətləri daha da artırır.
Onun fikrincə, Türkiyəyə qarşı qərəzli münasibət bu problemləri dərinləşdirir. Bəzi ölkələr bu mövqeyə görə ümumi Avropa maraqlarını belə riskə atır.
Elçin Xalidbəyli hesab edir ki, Avropa İttifaqı hazırda ciddi ziddiyyətlər dövrü yaşayır. Bu vəziyyət gələcəkdə təşkilatın zəifləməsinə səbəb ola bilər. O, həmçinin qeyd edib ki, ABŞ-da Tramp administrasiyasının siyasəti də Avropaya təzyiqi artırır. Bəzi Avropa ölkələri ABŞ-la münasibətləri qorumaq üçün öz maraqlarından geri çəkilir.
Sonda politoloq vurğulayıb ki, bütün bu amillər Avropa İttifaqının gələcəyi ilə bağlı riskləri artırır.
Əli Hüseynov
Bakı 




