q
  • Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Hörmüz boğazından başlayan iqtisadi müharibə

DÜNYA

28 Aprel 2026 | 14:47

Hörmüz boğazından başlayan iqtisadi müharibə

İran ətrafında baş verən son proseslər göstərir ki, münaqişə artıq yalnız hərbi qarşıdurma deyil, paralel şəkildə iqtisadi və strateji mübarizəyə çevrilib.

ABŞ tərəfi müharibənin dayandırılması ilə bağlı təqdim olunan son təklifləri qənaətbəxş hesab etmir, əsas səbəb kimi isə İranın nüvə proqramı üzrə danışıqları uzatmaq cəhdini görür. Tehran isə əksinə, atəşkəsə nail olmaq və sanksiyaların ləğvini istəyir, danışıqların mərhələli aparılmasının vacibliyini vurğulayır. Bu fərqli yanaşmalar səbəbindən tərəflər arasında ortaq mövqe formalaşmır və proses getdikcə daha çox dalana dirənir.

Məsələnin ən kritik nöqtəsi Hörmüz boğazıdır. ABŞ administrasiyası daxilində İranın boğazı açmaq və müharibəni dayandırmaq üçün verdiyi təklifin qəbul olunmasının ehtimalının aşağı olduğu bildirilir. Çünki bu halda əsas məqsədlərdən biri olan nüvə proqramı üzərində təzyiq zəifləyə bilər.

Digər tərəfdən İran boğazdan keçən gəmilər üzərində nəzarət və rüsum məsələsində israr edir, ABŞ isə ənənəvi olaraq naviqasiya azadlığının məhdudlaşdırılmasına qarşı çıxır. Bu ziddiyyətlər təkcə siyasi deyil, həm də iqtisadi riskləri artırır və enerji bazarını birbaşa təsir altında saxlayır.

İqtisadi təsirlər artıq real nəticələr doğurmağa başlayıb. İranla səkkiz həftə davam edən müharibə ABŞ iqtisadiyyatına da təsir göstərərək yanacaq qiymətlərini artırıb və inflyasiya təzyiqini gücləndirib. Müharibə tez bitərsə belə, bu təsirlərin uzun müddət hiss olunacağı gözlənilir. Eyni zamanda blokada davam edərsə, İranın gündəlik neft hasilatının 1,2–1,3 milyon barel azalacağı ehtimal olunur ki, bu da qlobal bazarda əlavə gərginlik yaradır. Enerji faktoru bu münaqişənin əsas alətinə çevrilib və tərəflər bu sahədə bir-birinə təzyiq göstərməyə çalışır.

Digər tərəfdən, İranın davranışı göstərir ki, Tehran bu prosesi uzunmüddətli qarşıdurma kimi qəbul edir. Satılmayan nefti saxlamaq üçün alternativ yollar axtarılır, hətta tərk edilmiş anbarlardan və qeyri-ənənəvi saxlanma üsullarından istifadə olunur. Eyni zamanda neftin dəmir yolu ilə Çinə daşınması kimi variantlar nəzərdən keçirilir. Bu addımlar bir tərəfdən iqtisadi itkiləri azaltmaq, digər tərəfdən isə vaxt qazanmaq məqsədi daşıyır.

Nəticədə ortaya çıxan mənzərə onu göstərir ki, bu münaqişə artıq sürətli həll olunacaq bir proses deyil, daha çox səbr, resurs və strateji davamlılıq üzərində qurulan uzun bir qarşıdurmadır.

Alim Nəsirov


SON XƏBƏRLƏR