“ABŞ, İsrail və İran arasındakı müharibədə söz sahibi olan qlobal oyunçuların mövqeləri bir-birindən fərqlidir”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq XİN başçısı qeyd edib ki, İran məsələsində ABŞ və İsrailin mövqeyində fərq var:
“ABŞ ilk dəfə olaraq İsraillə birlikdə müharibədə iştirak etdi. Bundan qabaq tarixdə belə bir hal olmayıb. ABŞ İsrailə silah-sursat göndərib, siyasi-hərbi, iqtisadi dəstək verib. Ancaq savaşa birlikdə girməyiblər. O baxımdan, İsrailin Baş naziri Benyamin Netanyahu üçün, daha doğrusu onun Administrasiyası üçün bu məqam çox əhəmiyyətlidir. Çünki hamı başa düşürdü ki, İsrailin hərbi imkanları İranla müharibə aparmağa və üstünlüyü təmin etməyə imkan vermirdi. İranla müharibədə məqsəd açıq bəyan edilmişdi”.
Onun sözlərinə görə, İsrail istəyir ki, İranın nüvə proqramı və ballistik raketlərin istehsalı olmasın. Digər yandan, İranın proksi qüvvələrin əliylə apardığı əməliyyatlara son qoyulsun:
“Biz görürük ki, İsrail heç də siyasi yollarla problemlərin həllinə üstünlük vermir”.
T.Zülfüqarova görə, artıq vəziyyət o yerə gəlib çatıb ki, İranın nüvə proqramından imtinaya çox yaxın mövqedə olduğu, ballistik raketlərlə bağlı müzakirələrə hazır olduğu deyilir:
“Beynəlxalq konvensiyalara görə, ballistik raketlərin hədəf məsafəsi 300 km.-dən çox olmamalıdır. Amma İsrail düşünür ki, problemi həll etməyin ikinci yolu var. Əgər İranın nüvə və ballistik proqramlarının infrastrukturu hərbi əməliyyatların nəticəsində tamamilə darmadağın olarsa, Tehranla hansısa sazişə ehiyac qalmayacaq. Yəni de-fakto onlar öz məqsədlərinə nail olacaqlar. Biz görürük ki, ABŞ prezidenti Donald Tramp siyasi üslublara üstünlük verir”.

Tofiq Zülfüqarov: İran əvvəl-axır danışıqlar masasına əyləşəcək və tələbləri qəbul edəcək
Müsahibimiz vurğulayıb ki, hazırda İranda da iki qrup mövcuddur:
“Birinci qrup radikal, “vətənpərvər” bir mövqedə dayanan SEPAH-dır. Digər qrup isə mövcud reallığı görən, düzgün dəyərləndirən qüvvələrdir. Onlar fərqindədir ki, İran indiki hərbi gücü ilə “düşmən” saydığı qarşı tərəfə ciddi zərbə vura, onları məğlub edə bilmir. Hərbi əməliyyatlar davam edərsə, İranın hərbi-iqtisadi infrastrukturları tamamilə dağılacaq”.
Politoloq hesab edir ki, İran əvvəl-axır danışıqlar masasına əyləşəcək və tələbləri qəbul edəcək:
“Təbii ki, müharibədən və ciddi itkilərdən sonra ABŞ və İsrailin ültimatumlarını dərhal qəbul etmək siyasi fəlakət olacaq. Yəni İranın imicinə böyük ziyan dəyəcək. Əsas problem budur. İranın siyasi elitasına hansısa bəhanə lazımdır ki, prosesdən “üzüağ” çıxa bilsinlər”.
Aydın Baxış
Bakı 




