Böyük Britaniyanın Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirməsi hərbi dəstək mesajından əlavə, həm də Londonun xarici siyasətində və NATO daxilində uzunmüddətli nəticələrə malik bir addımdır.
“100 milyon funt+” büdcə ayrılması Avropada hərbi yükün paylaşılmasını yenidən aktuallaşdırır və digər ölkələri daha fəal öhdəlik götürməyə sövq edə bilər.
Eyni zamanda, Moskvanın bu addımı necə qiymətləndirəcəyi, regionda gərginliyin artması və potensial eskalasiyanın dərəcəsi ilə bağlı ciddi suallar doğurur.
Böyük Britaniyanın mövqeyi, Ukrayna-Rusiya münaqişəsində yalnız hərbi yardım mesajı deyil, həm də siyasi təsir vasitəsi kimi qiymətləndirilə bilər. Bu baxımdan qərarın həm NATO daxilində, həm də Avropa və dünya arenasında yaratdığı dalğalar diqqətlə izlənməlidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən eks deputat, siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Böyük Britaniyanın Ukraynaya qoşun yerləşdirməyə hazır olduğunu bəyan etməsi yeni məsələ deyil:
"Qeyd etmək lazımdır ki, indiyədək 26 dövlət bu istiqamətdə oxşar niyyətini ifadə edib. Lakin bu təşəbbüslərin gerçəkləşməsi yalnız sülh sazişi imzalandıqdan sonra mümkündür. Avropa dövlətlərinin, eləcə də Böyük Britaniyanın əsas məqsədi ədalətli və davamlı sülh sazişinin əldə olunmasına nail olmaqdır. Böyük Britaniya hazırda Ukraynaya ən çox dəstək göstərən ikinci dövlətdir – Almaniyadan sonra. Bununla belə, bu nümunə, təəssüf ki, digər Avropa ölkələri, xüsusilə də Fransa üçün ilhamverici olmadı. Fransa bu məsələdə ən az yardım göstərən ölkələrdən biridir. Eyni zamanda, Paris sülh sazişi layihəsinin hazırlanmasını və tərəflərə qəbul etdirilməsini təklif edib".
Onun sözlərinə görə, bu, müəyyən mənada ABŞ-nin Qəzza bölgəsində tutduğu mövqeyə bənzəyir. Vaşinqton münaqişənin tərəflərinə təzyiq göstərə, prosesə təsir edə bilir:
"Təəssüf ki, Avropa İttifaqı belə bir təsir gücünə malik deyil və Rusiya da onunla hesablaşmaq niyyətində görünmür. Əslində, ABŞ istəsə, bu prosesə daha ciddi təzyiq göstərə bilərdi, lakin görünən odur ki, belə bir niyyəti yoxdur. Həm alyans daxilində aparılan danışıqlar, həm də son telefon söhbətləri və Budapeştdə planlaşdırılan görüş bir daha göstərir ki, Donald Tramp Putinlə bir çox məsələdə eyni mövqedə dayanır. Böyük ehtimalla, Budapeştdə əldə ediləcək razılaşma Ukraynaya təzyiq göstərməklə, onu sülh sazişini qəbul etməyə məcbur etmə cəhdlərinin tərkib hissəsi olacaq".
Abutalıb Səmədov: Çünki reallıq göstərir ki, döyüş əməliyyatları hazırda Rusiyanın üstünlüyü ilə davam edir
Politoloq vurğulayıb ki, bu vəziyyət təkcə Avropanı deyil, dünyanın əksər ölkələrini, o cümlədən bizi də narahat edir:
"Böyük Britaniyanın qəbul etdiyi qərarlar və tutduğu mövqe hər nə qədər prinsipial görünsə də, təəssüf ki, Rusiya-Ukrayna müharibəsinin gedişatına ciddi təsir göstərə bilmir. Moskva Londona qarşı münasibətində onsuz da düşmənçilik mövqeyi tutur və bu addım həmin münasibəti dəyişməyəcək".
Sonda Abutalıb Səmədov vurğulayıb ki, regionda eskalasiya ehtimalı da azdır:
"Çünki reallıq göstərir ki, döyüş əməliyyatları hazırda Rusiyanın üstünlüyü ilə davam edir. Rusiya addım-addım Ukraynanın kəndlərini işğal edir və ağır templə də olsa, irəliləyir. Bu mənzərə, sözsüz ki, beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməlidir. Budapeştdə keçiriləcək görüş münaqişənin taleyində həlledici məqam ola bilər. Böyük ehtimalla, həmin görüşdən sonra Ukraynanı sülhə məcbur etməyə yönəlmiş təzyiqlər daha da artacaq".
Əli Hüseynov