• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Aydınlıqla dolu Zəfər Günü - İlham Tumas

CƏMİYYƏT

06 Noyabr 2023 | 11:38 | Müəllif: Qalib İbrahimoğlu

Aydınlıqla dolu Zəfər Günü - İlham Tumas

Bizim qəhrəman

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdən üç il ötür. Bu zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı.

Müharibə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində böyük Zəfərlə başa çatdı. Bu qələbədə hər kəs az da olsa, payının olmasını istədi: müəllim də, həkim də, fəhlə də, təqaüdçü də…

44 günlük Vətən müharibəsində qələmini silahla əvəz edib cəbhəyə yollanan jurnalistlərimiz də az olmadı. Dünənəcən qələmiylə informasiya müharibəsi aparan həmkarlarımız bu dəfə silaha sarılaraq torpaqlarımızın bütövlüyü uğrunda mübarizə apardı.

Və qəhrəman kimi geri göndülər.

Bakıvaxtı.az-ın  “Bizim qəhrəman” rubrikasında ön cəbhədə döyüşən həmkarlarımız danışacaq.

 

Aydınlıqla dolu Zəfər Günü

İlham Tumas

44 gündə bir dəfə də olsun, yağışa düşmədik. Eləcə gündüzlər isti oldu, gecələr soyuq. Bircə həmin gün, xəbər bizə çatanda - noyabrın 8-indən 9-na keçən səhərdən başqa.

Düz Şuşanın altında gündüzdən hava qaralana qədər atışma olmuşdu. Ara sakitləşmişdi. Nə gizlədim, bir müddət əvvəl tapıb qanını spirtlə sildiyim yataq çuvalına girib yatdım. Səs-küyə, atəş səslərinə oyandım, bütün bədənim suyun içindəydi. Deməli, elə yağıb ki, yataq çuvalı da qoruya bilməyib.

Gözə atəş açan uşaqlara tərəf qışqırdım: “Nə olub, nə xəbərdi, göydə erməni vurursunuz?”

Elə bildim hamısı xornan dedi: “Komandir, qurtardı, ermənilər onnan oldular”! Nə bilim, sonra ünvanlarına da bir sürü yeddiqat söyüş başladı.

Qarşı tərəfdəki yoldan o taya ermənilər idi. Günorta möhkəm atışmışdıq. Baxdıq ki, bu bədbəxtlər də göyə atəş açırlar, qışqırırlar. Bu qışqırıq dəqiq sevinc qışqırıqları idi: canları qurtarmışdı axı...

Beləcə, bizim üçün Zəfər günü suyla, aydınlıqla başladı. 44 gün ərzində bizi incitməyən, canımızı gündüzlər qızdırıb, gecələr o istini sazağıyla ehmalca, hətta çox üşütmədən çıxaran gözəl Qarabağ havası yağışla dolmağını düz 44 gün gözlədi.

Bu Müharibədə hamı bizimlə isindi, üşüdü, çətinlüklərə dözdü, döyüşdü, kədərləndi, sevindi, qalib gəldi. Ali Baş Komandan başda olmaqla Vətənin sıravi vətəndaşından tutmuş, hər kəsi özümüzlə birgə, çiyin-çiyinə hiss elədik. Eləcə də, gözəl Qarabağın gözəl, yumşaq təbiəti, havası bizim tərəfimizdə oldu, bizə kömək elədi, bizimlə bir yerdə düşmənə göz açmağa aman vermədi.

...1992-ci ilin yay ayları yadıma düşdü. İndi daha demək olar, batalyonumuza - “Qurtuluş”a İman adında hardansa bir çeçen gəlib çıxmışdı. Ağdərə əməliyyatındaydıq. Mənə dedi ki, inanmıram, bu müharibəni siz udasınız. Hirsləndim, dedim, bu müharibədə uduza bilərik, ancaq Qarabağı heç vaxt verməyəcəyik, qaytarmasaq, yaşaya bilmərik. O çağlar 19 yaşım vardı, ancaq inamsız da deyildim. Bu illər ərzində nələr yaşadıq, nələri, kimləri itirdik, saçımız-saqqalımız ağardı, ancaq bu Vətəni sevən bir adam belə “Qarabağı birdəfəlik itirdik” demədi. Bizi Zəfərə aparan qüvvənin kökündə bu inam dururdu: Ordumuz, müasir silahlarımız öz yerində, ancaq düşmənə qan udduran şəhidli-qazili minlərlə qardaşlarımızı bu inam idi döyüşdən-döyüşə, qələbədən-qələbəyə, Zəfərə aparan! Bu inamla yeni Zəfərlərimiz mütləq olacaq! Zəfər Günümüz qutlu olsun, Azərbaycanımıza yeni zəfərlər arzusuyla...

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026