• Bakı 20° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Azərbaycan və Türkiyə liderləri Şərqi Zəngəzurda TARİX YAZDI 

LAYİHƏ

21 Oktyabr 2022 | 16:26

Azərbaycan və Türkiyə liderləri Şərqi Zəngəzurda TARİX YAZDI 

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Oktyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, əsl qardaşlıq nümunəsi göstərən dövlət başçıları Şərqi Zəngəzurda tarix yazıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını ediblər.
Dövlət başçılarının iştirakı ilə Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.
Prezidentlər Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

Milli Məclisin deputatı Fatma Yıldırım Bakıvaxtı.az-a bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Zəngilan rayonunda inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi ölkələrimizin və xalqlarımızın qardaşlığının növbəti parlaq nümunəsidir.

“Bu səfər zamanı tarixi anlar yaşandı. Zəngilan Beynəlxalq Hava Limanına ilk beynəlxalq uçuşun qardaş ölkədən olması, hava limanının açılışının Azərbaycan və Türkiyə prezidentləri tərəfindən gerçəkləşməsi qürurverici hadisədir”, - deyə Fatma Yıldırım bildirib.

O qeyd edib ki, əsl qardaşlıq nümunəsi göstərən dövlət başçıları Şərqi Zəngəzurda tarix yazdılar: “Azərbaycan-Türkiyə münasibətləri tarixdə indiki qədər güclü olmayıb və qardaşlıq səviyyəsində olan bu münasibətlər davamlı olaraq inkişaf edir. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və qələbəmizin əldə olunmasında bu amil mühüm rol oynadı. Onun sözlərinə görə, bu gün Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə tarix yazır. Həmin ərazilərdə cəmi iki il ərzində reallaşdırlan irimiqyaslı layihələr onu deməyə əsas verir ki, müharibənin qalibi olan ölkəmiz özünün strateji hədəflərinə doğru inamla irəliləyir.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında Türkiyə şirkətləri də fəal iştirak edirlər, biz bu işdə də çiyin-çiyinə fəaliyyət göstəririk”.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri müxtəlif tədbirlərdə də iştirak ediblər. Dövlət başçıları Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Bundan başqa, dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyublar. Prezidentlərimiz tərəfindən təməli atılan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyası isə Zəngəzur dəhlizinin bir hissəsidir. Zəngəzur dəhlizinin yaradılması milli, tarixi və gələcək maraqlarına tam cavab verir. İlk növbədə, bu dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxşıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq.

Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək.
Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Bütün region ölkələri bu dəhlizdən fayda götürəcək. Ona görə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl şəhərində mətbuata bəyanatında dediyi kimi, Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır, hər hansı qorxuya ehtiyac yoxdur. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır”.

Fatma Yıldırım deyib ki, Vətən müharibəsində qazanılan qələbə regionda yeni reallıqlar yaradıb: “Burada Azərbaycan və Türkiyə aparıcı rol oynayır. Müəyyən dairələr tərəfindən regionda önəmli layihələrin gercəkləşməsinə mane olmaq cəhdləri olsa da, iki qardaş ölkə bu yolda inamla, qətiyyətlə irəliləyir. Azərbaycan və Türkiyə hazırda bölgədə aparıcı rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan mütəffiqliyi bölgəyə və dünyaya ciddi mesajdı. Bölgədəki işlər Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq”.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin göstərdiyi dəstəyi hər zaman yüksək dəyərləndirir: “Biz birlikdə tarix yazırıq. Necə ki, Vətən müharibəsi dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Prezidentinin Qarabağa və Şərqi Zəngəzura gerçəkləşən səfərləri də əsl qardaşlıq və
dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bakıvaxtı.az-a bildirib ki, İkinci Qarabağ müharibəsi Türkiyə - Azərbaycan münasibətlərinin nə dərəcədə səmimi və doğru olmasını tam sübutu idi.

“Bəli, biz qardaşımızı dar gündə daha da yaxından tanıdıq. Beynəlxalq aləmdə bu dostluğun əbədi və qırılmaz bağlardan ibarət olduğunu gördü. 44 günlük haqq savaşımızda Türkiyəyə qarşı siyasi təzyiqlər olsa da qəti şəkildə mövqeyini dəyişmədi mənəvi və siyasi dəstəyini tam ifadə etdi. Qardaş ölkə artıq dünyada güc mərkəzlərindən biridir. Beynəlxalq aləmdə hər zaman Azərbaycanı dəstəkləyən Türkiyə müharibədən sonra da Qarabağda quruculuq işlərində yaxından iştirak etdi. Bu gün Qarabağda Türkiyə şirkətləri tərəfindən yol infrastrukturu qurulur. Demək olarki, bu işlərin yarıdan çoxu da tamamlanıb”, - deyə M.Cəfərov bildirib.

O qeyd edib ki, iki il əvvəl 20 oktyabrda Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gün oldu-Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi: “Məhz Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümündə Türkiyə Prezidentinin Azərbaycana, Qarabağa olan səfəri xüsusi məna daşıyır. Bu gün iki dost ölkə Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işləri həyata keçirir. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzuli hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Hər iki Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsinin əsas təminatçısı olacaqdır. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti Zənzəgurun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Zəngilan aeroportunun tikilməsinin region üçün önəmi həm də iqtisadi cəhətdən böyük olacaq. Bu hava limanı Şərqi Zəngəzurda istehsal olunan iqtisadi məhsulların ölkə və dünya bazarlarına çıxarılması baxımından da əlverişlidir. Digər tərəfdən böyük tranzit əhəmiyyətə malik olan bu strateji obyekt Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artıracaq”.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR