Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 47 uşaq himayədar ailələrə verilib.
Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
Himayədar ailələrə verilən uşaqlardan 18-i oğlan, 29-u qızdır.
Qeyd edilən 47 uşaqdan 25-i hazırda Bakı şəhərində, 22-i rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 1, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1 ailə) ailələrdə yaşayırlar.
Himayədar ailələrə dövlət dəstəyi də göstərilir. Onlara himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə əlilliyi olan 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət verilir.
Qeyd edək ki, hər il 31 may tarixi bir sıra ölkələrdə Dünya Himayədar Ailə Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.