Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup şəxsin it döyüşdürməsi ilə bağlı yayılmış görüntülər ictimaiyyətdə hiddət doğurub. Bildirilir ki, bu it döyüşləri mərc oyunlarının başqa bir versiyasıdır. Artıq polisin bu qanunsuz əməllə bağlı araşdırmalara başladığı açıqlanıb. Baş vermiş hadisə it döyüşlərinin tarixi ilə bağlı məsələni gündəmə gətirib.
Bakıvaxtı.az bildirir ki, it döyüşü və ya it boğuşdurması iki itin qanlı döyüşünün nəzərdə tutulduğu "idman növü"dür.
Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Mükafat isə qalib gəlmiş itin sahibinə verilir. Hətta it döyüşü milli azart oyunlarından biri hesab olunur.
Bu yarışın kökü qədim Roma İmperiyasına gedir. Bundan başqa, xüsusilə buldoqlardan Böyük Britaniyada itlərin, ayı və öküzlərin təqib edilməsində istifadə edilib. Lakin bu tip tamaşalar 1835-ci ildə ölkədə qadağan edilin.
Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Belə ki, bu döyüşlər xüsusi ilə Novruz bayramı günlərində təşkil edilib.
Demək olar, əksər bölgələrimizdə it döyüşlərinin keçirilməsi barədə məlumatlar var. Bu baxımdan Bakı və Abşeron kəndləri xüsusi ilə seçilib.
Qeyd edək ki, Bakı kəndlərində it döyüşlərinin keçirilməsinə dair faktlar "Molla Nəsrəddin" jurnalında dərc olunub. Nəşrin 5-ci sayında döyüşləri özündə əks etdirən şəkil də yer alıb.
Qədimdən gələn bu ənənə müasir dövrdə də mövcudluğunu qoruyub saxlayır. (Globalinfo.az)