2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 303 min dollar dəyərində 14 min 421 ton düyü idxal edilib. Hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 kiloqramının orta idxal qiyməti illik müqayisədə 22% artaraq 1.8 manat təşkil edib.
İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda çəltikçilik çox aşağı səviyyədə inkişaf edib. Bu baxımdan ölkəmiz düyünü əsasən idxal edir.
"Buna səbəb iqlim şəraitimizin ölkənin tələbatına uyğun olan həcmdə düyü istehsal etməyə imkan verməməsidir. Azərbaycanda yalnız buğda istehsal olunur, amma keyfiyyəti və məhsuldarlığı istənilən səviyyədə deyil. Ölkəmiz əsasən Hindistan, İran, Malayziya, Pakistan, İndoneziyadan düyü idxal edir. Düyünün ucuz və məhsuldar mənbələri Cənub-Şərqi Asiya ölkələridir". - deyə iqtisadçı bildirib.
Qarşıdakı dövrdə düyünün qiyməti bahalaşdıra bilərmi?
X.Kərimli vurğulayıb ki, mövcud vəziyyətdə düyünün qiyməti artıq bahalaşıb.

Xalid Kərimli, iqtisadçı
Onun sözlərinə görə, qarşıdakı dövrdə yenə də düyünün qiymətində 15-20 faizlik bahalaşma olacaq:
"Düyünün qiyməti idxal etdiyimiz ölkələrin iqlim şərtlərindən asılıdır. Sakit okeanın üzərindən Elminon cərəyanı keçəndə düyü istehsalı üçün uyğunsuz vəziyyət yaranır. Ona görə də məhsuldarlıq aşağı düşür. Bu cərəyan Hindistan üçün ciddi problem yaratdığına görə "Basmati" məhsulunun ixracına məhdudiyyət qoyuldu. Nəzərə alaq ki, Hindistan dünyada düyü bazarının 40 faizinə sahibdir. Ötən ilin Hindistan daxili bazarını qorumaq üçün qeyri-Basmati düyülərinin 20 faizinin ixracına qadağa qoydu. Bu isə düyünün bahalaşmasına səbəb oldu. Ona görə də ölkəmizdə düyünün bahalaşması müşahidə olunur. Hindistan məhdudiyyəti aradan qaldırandan sonra düyünün qiyməti ucuzlaşa bilər".
Gülşən Şərif
















