• Bakı 17° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Azərbaycanın beynəlxalq arenada tutduğu müstəqil və balanslaşdırılmış mövqeyi

SİYASƏT

14 Oktyabr 2025 | 14:07

Azərbaycanın beynəlxalq arenada tutduğu müstəqil və balanslaşdırılmış mövqeyi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şarm əl-Şeyxdə keçirilən Şərq Sülh Sammitində iştirakı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, sammitdə bütün tərəflər Azərbaycanın iştirakını arzu edir və bu addımı dəstəkləyirdi:

“Bu isə çox az sayda dövlət başçısına nəsib olan böyük bir uğurdur. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bu uğura nail ola bilib”.

N.Həmzəyev qeyd edib ki, sammitin gedişində, istər ikitərəfli təmaslar zamanı, istərsə də liderlərin səmimi söhbətləri çərçivəsində, Azərbaycan Prezidentinə olan böyük maraq və hörmət aydın şəkildə hiss olunurdu:

“Xüsusilə də ABŞ Prezidenti Donald Trampın dəfələrlə dövlətimizin başçısı İlham Əliyevə müraciət etməsi, onu nümunə göstərməsi və sammitin ailə fotosu zamanı göstərdiyi münasibət, Azərbaycanın beynəlxalq arenada tutduğu müstəqil və balanslaşdırılmış mövqeyin göstəricisi idi”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan bu gün həm müsəlman ölkələri, həm də İsrailə yaxın dövlətlər tərəfindən qəbul edilir, dəstəklənir və etibarlı tərəfdaş kimi tanınır.

Dediyinə görə, Azərbaycan diplomatiyasının əsas üstünlüyü ondan ibarətdir ki, ölkəmiz bütün tərəflərlə yaxın münasibətlər qurmaqla yanaşı, eyni zamanda hər kəslə bərabər məsafədə dayanmağı bacarır. Bu isə Azərbaycanın müstəqil siyasət yürütməsinin ən bariz sübutudur:

“Bununla belə, əldə edilən razılaşmalar hələ o demək deyil ki, bütün məsələlər asanlıqla və tez bir zamanda həll olunacaq. Unutmaq olmaz ki, Türkiyə və İsrail arasında hələ tam səmimi və işgüzar yaxınlaşma mövcud deyil”.

Naqif Həmzəyev: Azərbaycan hər kəslə bərabər məsafədə dayanmağı bacarır

Bu istiqamətdə vasitəçi rolunu məhz Azərbaycanın oynaya biləcəyini söyləyən N.Həmzəyev bildirib ki, ölkəmiz bu sahədə təcrübəyə malikdir. Deputat xatırladıb ki, bir vaxtlar Türkiyə-İsrail münasibətlərinin normallaşmasına Azərbaycan öz töhfəsini verib və bu dəfə də eyni missiyanı uğurla həyata keçirə biləcəkdir:

“Bundan başqa, İsrail və Suriya rəsmilərinin görüşlərinin təşkilində Azərbaycanın oynadığı rol regionda gərginliyin azalmasına xidmət edib. Bu da onu göstərir ki, problemin həlli baxımından Azərbaycanın vasitəçilik imkanları danılmazdır”.

Həmzəyev hesab edir ki, Azərbaycan həmçinin Qəzzada humanitar dəstək, yenidənqurma və normal həyatın bərpası sahəsində də öz təcrübəsini bölüşə bilər. Müsahibimiz diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf layihələri Azərbaycanın praktik olaraq qısa müddətdə həyatın qaytarılmasını təmin edə bildiyini göstərir. O bu modelin indi dünyanın müxtəlif bölgələrində tətbiq oluna biləcək ən real və səmərəli yanaşmalardan biri olduğunu vurğulayıb:

“Bir sözlə, Azərbaycanın Şərq Sülh Sammitində iştirakı və əldə etdiyi nəticələr onu deməyə əsas verir ki, biz düzgün yoldayıq. Qarşımızda duran məqsəd Azərbaycanın iqtisadi güclənməsi, regional sabitliyin möhkəmlənməsi və uzunmüddətli, dayanıqlı sülhün təmin olunması artıq reallığa çevrilməkdədir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR