• Bakı 23° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Sabir Rüstəmxanlı: “Azərbaycanlılar bir-birinə qarşı döyüşə göndərilir” - MÜSAHİBƏ

MÜSAHİBƏ

04 Iyul 2025 | 09:10

Sabir Rüstəmxanlı: “Azərbaycanlılar bir-birinə qarşı döyüşə göndərilir” - MÜSAHİBƏ

Rusiyada azərbaycanlılara qarşı son günlərdə yaşanan zorakılıqlar cəmiyyətin hər təbəqəsində ciddi narahatlıq yaradıb. İctimai və siyasi xadimlər, hüquq müdafiəçiləri məsələni təkcə kriminal yox, sistematik ayrı-seçkilik kimi qiymətləndirirlər.

Bakıvaxtı.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi və Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bu hadisələrin mahiyyəti və nəticələri ilə bağlı fikirlərini bölüşüb.

- Sabir bəy, Rusiyada azərbaycanlılara qarşı son zorakılıq dalğası necə qiymətləndirilməlidir? Bu, tək hadisədir, yoxsa daha dərin səbəbləri var?

- Bu, adi bir zorakılıq hadisəsi deyil. Bu, dövlət strukturlarının ya bilavasitə iştirak etdiyi, ya da görməməzliyə vurduğu sistemli bir davranışın göstəricisidir. Orada azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqlar birbaşa hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verir. Və bu, təsadüfi deyil. Əgər ortada hər hansı cinayət varsa, onun qanunla araşdırılması və müvafiq hüquqi çərçivədə cəzalandırılması var. Amma adam ailəsinin gözü önündə döyülür, işgəncəyə məruz qalır, öldürülür - bu, artıq vəhşilikdir.

- Rusiya rəsmiləri “araşdırılır” deməklə kifayətlənir. Bu, sizcə, məsuliyyətdən yayınma cəhdidir?

- Bəli. Hər dəfə “araşdırılır” deməklə məsələni unutdura biləcəklərini düşünürlər. Bu, nə hüquqi, nə də mənəvi baxımdan qəbulediləndir. Bu hadisələrin arxasında gizli saxlanılan, lakin faktiki olaraq dövlətin içində yer alan quldur strukturları var. Onlar istədikləri zaman, istədikləri insanlara qarşı zor tətbiq edir, dövlət isə susur. Bu, cinayətin himayə olunması deməkdir.

- Belə zorakılıqlar sizcə etnik ayrı-seçkiliyin nəticəsidir?

- Əlbəttə. Rusiya tarixən türk və müsəlman xalqlara qarşı bu cür zorakı münasibətlər sərgiləyib. Çar Rusiyasında da belə idi, Sovet dövründə də. İndi isə bunu daha “müasir” üsullarla həyata keçirirlər. Azərbaycanlıları müharibəyə cəlb edirlər. Rusiya vətəndaşı olan, orada doğulan soydaşlarımızı zorla Ukrayna cəbhəsinə aparırlar. Onlar döyüşmək istəmirlər, amma alternativ təqdim olunmur. Bununla millətimizi bir-birinə qarşı qoyurlar - biri Rusiya tərəfində, biri Ukrayna tərəfində. Bu, nə ədalətdir, nə insanlıq.

- Azərbaycan-Rusiya münasibətlərinə bu hadisələr necə təsir göstərir?

- Biz həmişə münasibətlərin qorunması üçün çalışmışıq. Orada 3 milyondan çox həmvətənimiz yaşayır. Amma bu münasibətlər birtərəfli olmamalıdır. Bizim təyyarəmiz vurulub, neçə-neçə insan ölüb, hələ də buna aydınlıq gətirilməyib. Ermənistanı açıq şəkildə dəstəkləyən bir Rusiya ilə üz-üzəyik. Səhnə arxasında başqa oyun oynanır, səhnədə isə “dostluq” deyirlər. Bu siyasət ikili standartlarla doludur.

- Azərbaycanda rusdilli məktəblərin bağlanması məsələsi yeni müzakirə olunur. Buna münasibətiniz?

- Azərbaycan müstəqil dövlətdir. Başqa dillərin öyrənilməsi normaldır, amma bu qədər geniş miqyasda rus dilinin yayılması, rus məktəblərinin çoxalması artıq narahatlıq doğurur. Təhsil sistemimizdə milli dilə və kimliyə daha çox yer ayrılmalıdır. Təəssüf ki, bəzi dairələr rus dilini təbliğ edir, hətta üstünlük verir. Bu, milli təhlükəsizlik məsələsidir və vaxtında qarşısı alınmalıdır.

- Rusiyada yaşayan azərbaycanlıların hüquqları necə qoruna bilər?

- Əvvəla, bu məsələdə həm diplomatik, həm də ictimai təzyiq gücləndirilməlidir. Rusiyanın iqtisadiyyatı miqrantların çiynində dayanır - bunu biz yox, onlar da yaxşı bilir. Mərkəzi Asiyadan, Qafqazdan, xüsusən türk mənşəli xalqlardan olan insanlar olmasa, bir çox sahələrdə iflic yaşanar. Amma bu reallığı qəbul etmələrinə baxmayaraq, münasibətlərində dəyişiklik etmir, yenə təhqir, yenə zorakılıq, yenə ayrı-seçkilik. Mən bu münasibəti qəti şəkildə pisləyirəm. Törədilən cinayətlərin üstü örtülməməli, məsul şəxslər cəzalandırılmalıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR