Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, sessiya “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilib.
Açılış mərasimində çıxış edən Assambleyanın Prezidenti, Milli Məclisin sədri Sahibə Qafarova çıxışında deyib ki, əsas niyyət bu platformanı gücləndirməkdir: “Asiya Parlament Assambleyasına Oman tamhüquqlü üzv, Belarus isə müşahidəçi statusunda qatılmaq üçün müraciət edib. Biz Asiya Parlament Assambleyasının büdcəsinin formalaşdırılmasıyla əlaqədar qərarla bağlı da konsensus əldə etməyə yaxınıq. Bu da Assambleyanın daha da gücləndirilməsinə şərait yaradacaq. Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, dünyadakı çoxtərəfli əlaqələr heç vaxt bu qədər vacib olmayıb. Azərbaycan hər zaman səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdaşı olub. Dünya birliyinin yekdil dəstəyi ilə COP29-un təşkilatçı dövləti kimi seçilməsi, COP29-da qəbul edilən qərarlar ölkəmizin çoxtərəfliliyə sarsılmaz bağlılığının zirvəsi olub”.
Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi qeyd edib ki, Azərbaycanın sədrliyi ilə təşkilatın qarşısında duran məqsədlərə nail olacaqlarına inanırlar: “Azərbaycan Milli Məclisinə təşəkkür edirəm ki, onlar çoxtərəfli münasibətlərin Asiyada inkişafını əsas prioritet kimi seçib”.
Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini elan edib: “Biz də bu təşkilatın nüfuzunu qaldıracağımıza əminik”.
İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani də hesab edir ki, qlobal əməkdaşlığı səfərbər etmək üçün çoxtərəfli əməkdaşlığa ehtiyac var: “Parlament diplomatiyası ədalətli və möhkəm sülhün bərqərar olmasına, qlobal problemlərin həllinə töhfə verməlidir. Biz müharibə və münaqişələrin sülh yolu ilə həllinə dəstək verməliyik. Biz Qəzza sakinlərinin vətənlərindən köçürülməsi fikrini qəbul etməməliyik. Asiya Parlament Assambleyası güclənərək indiki qeyri-müəyyənliyi dəf edə bilməlidir ki, bütün Asiyada əməkdaşlıq ruhunu gücləndirək”.
Butan Milli Assambleyasının sədri Lunqten Dorci də Asiya Parlament Assambleyasının çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib: “Biz birgə addımlar ataraq sülh, sabitlik və xalqlarımızın rifahı naminə birgə fəaliyyət göstərməliyik. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş 15-ci plenar iclas konstruktiv dialoq üçün mühüm platformadır".
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, bu gün Bakıda olmaqları iki qonşu xalq arasında tarixi bağları, dostluğu göstərir: “Qlobal birliyin keçid mərhələsində çoxtərəflilik münasibətləri sadəcə, seçim deyil. Mövcud beynəlxalq sistemin əsas ehtiyacı çoxtərəfli münasibətlərdir. Qəzzayla bağlı hamımız humanitar məsuliyyət daşıyırıq. İnanırıq ki, Fələstin və Qəzzanın gələcəyinə bütün fələstinlilərin öz müqəddəratını təyin etmə səviyyəsində baxıla bilər. Biz Asiya Parlament Assambleyasına üzv olan bütün parlamentləri Fələstin xalqını dəstəkləməyə çağırırıq”.
Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva plenar iclasın mövzusunun bütün iştirakçılar üçün son dərəcə aktual olduğunu vurğulayıb: “Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitində ciddi çağırış və təhdidlərlə üzləşir. Bu problemlərin effektiv həlli regional əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsini tələb edir. Mərkəzi Asiyada inteqrasiya proseslərinə xüsusi diqqət yetirilir. Bu proseslər təkcə regionda deyil, bütövlükdə dünyada sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Özbəkistanın təşəbbüsü ilə bu il aprelin 5-9-da Daşkənddə Parlamentlərarası Birliyin 150-ci Yubiley Assambleyası keçiriləcək. Fürsətdən istifadə edərək, bütün həmkarlarımı bu əlamətdar parlament tədbirində iştirak etməyə dəvət edirəm. Daşkənd Assambleyası ölkələrimizin davamlı inkişafının təmin edilməsində parlamentlərin rolunun gücləndirilməsinə mühüm töhfə verəcək”.
Pakistan Senatın sədri Syed Yusuf Raza Gilani Pakistanın regional sülh və davamlı iqtisadi əlaqələrin inkişafı üçün fəal səy göstərdiyini vurğulayıb. Pakistan Senatın sədri bildirib ki, parlamentlərarası əməkdaşlıq terrorçuluğa qarşı mübarizə sahəsində təcrübələrin bölüşülməsi, iqlim dəyişiklikləri ilə mübarizə və digər sahələrdə mühüm rol oynayır: “Omanın Asiya Parlament Assambleyasına tamhüquqlu üzvlüyünü və Belarusun müşahidəçi statusunu dəstəkləyirik. Bəhreyn və İranı gələcək illərdə Asiya Parlament Assambleyasına sədrlik etmək istəyirlər. Biz bir daha sədrliklə bağlı ardıcıllığı müəyyənləşdirməliyik”.
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova hesab edir ki, müasir çoxqütblü dünya bütün problemlərimizi həll etməsə də, qlobal balansın yaradılmasına və dövlətlərin suveren hüquqlarının təmin olunmasına əhəmiyyətli töhfə verəcək: “Belarus bu istiqamətdə parlament diplomatiyasını əsas vasitələrdən biri kimi görür. İndiki dövrdə və gələcək nəsillər üçün dövlətlərin daxili işlərinə kənardan müdaxilələrin qarşısını almaq məqsədilə ümumi bir strategiya hazırlanmalıdır. Biz inanırıq ki, XXI əsrdə bölünməz və ədalətli bir dünya qurmaq son dərəcə vacibdir”.
Fələstin Milli Şuranın sədr müavini Ali Faysal çıxışında Fəlsətin probleminə və Qəzzada baş verənlərə diqqət çəkib, İsrailə təzyiq göstərilməsini vacib sayıb.
Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen deyib ki, Azərbaycan regional sabitlik üçün kifayət qədər önəmli mərkəzdir: “Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi region üçün mühüm addımdır. Azərbaycan və Ermənistan arasında sülh danışıqları nəticədə bütün regionda sabitliyi və rifahı gücləndirəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq”.
Abdulkadir Emin Önen qeyd edib ki, çoxtərəfli beynəlxalq əməkdaşlıq bir sıra digər sahələrdə də dəyərli töhfələr verə bilər: “Parlamentlər xalqların çoxtərəfli əməkdaşlığının genişlənməsi üçün əhəmiyyətli rol oynaya bilər”.
Bununla da Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının açılış mərasimi başa çatıb.
***
09:40
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayır.
Bakıvaxtı.az xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
Qeyd edək ki, artıq bir çox ölkələrin qanunverici orqanlarının sədrləri tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.
Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib.
Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.