Sabunçu rayonunda marşrut avtobusu yük avtomobili ilə toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, martın 4-də saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində sərnişlər - 1989-cu il təvəllüdlü Zeyniyev Azər Vidadi oğlu, 1985-ci il təvəllüdlü Paşayev Elmar Sahil oğlu, 1988-ci il təvəllüdlü Sulcaddin Rüstəm Habil oğlu və 1961-ci il təvəllüdlü Vəliyev Nadir Ələsgər oğlu xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Yaralıların üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Sulcaddin Rüstəm Habil oğlu isə sağ ayaq sümüyünün qəlpəli sınıq diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

















