Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 ünvanında yerləşən 3031 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində qanunsuz təmir işlərinin aparıldığı müəyyən edilib.
Aparılan icazəsiz təmir işləri sakinlərin də narazılığına səbəb olub.
Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Bir daha bütün vətəndaşları, əlaqədar təşkilatları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik.