• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıyla Sumqayıt birləşdirilir? - AÇIQLAMA

CƏMİYYƏT

23 Fevral 2023 | 13:50 | Müəllif: Qalib İbrahimoğlu

Bakıyla Sumqayıt birləşdirilir? - AÇIQLAMA

“Sumqayıt Bakıya birləşdirilir və Abşeron meqapolisə çevrilir”. Bu barədə Azərbaycan Memarlar İttifaqının 2017-2022-ci illər üzrə fəaliyyəti barədə İdarə Heyətinin hesabatında qeyd edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, plana əsasən, yeni Bakı aqlomerasiyası Bakını Abşeron rayonu və Sumqayıt şəhəri ilə birləşdirməli və beləliklə, faktiki olaraq bütün Abşeron yarımadasını və ətraf aqlomerasiyanı əhatə etməlidir.

"Azərbaycan şəhərlərinin memarlığı günü-gündən dəyişir, daha cazibədar olur və təkrarsızlığı ilə görənləri sevindirir. Bu gün memarlıq ölkənin inkişafında prioritet istiqamətlərdən biridir. Müstəqil Azərbaycan son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoymuş və böyük uğurlara imza atıb. Yaxın gələcəkdə bizi daha böyük dəyişikliklər gözləyir", - hesabatda bildirilib.

Elnur Azadov, inşaat eksperti

İnşaat eksperti Elnur Azadov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Sumqayıtla Bakının birləşməsi məsələsi aktual mövzudur: “Təbii ki, şəhərlərin planlaması mühüm bir məsələdir. Qeyd etmək istəyirəm ki, Bakı şəhərinin baş planına son 100 il ərzində, hətta Sovet hökumətinin qurulmasından da qabaq 7 dəfə baxılıb. Son dəyişiklik 1986-cı ildə olub. Ona görə ki, Bakı şəhəri getdikcə sanayeləşir, böyüyürdü. Sovet hökumətinin müəyyən planları var idi, lakin Sovet hökuməti dağıldı, ləğv olub getdi. Sovet hökuməti dağıldıqdan sonra Bakının baş planına iki dəfə baxılıb. Hər dəfə müəyyən dəyişiklərə əsasən bu proses tam bitməyib. Xatırladım ki, 2012-ci ildə Bakı Dövlət Layihə İnistitutu tərəfindən Bakı və bütün Abşeronu əhatə edən müfəssəl bir plan hazırlanmışdı. Həmin layihə prezidentə belə təqdim olunmuşdu. Orda Bakı şəhərinin hər kvartalının gələcəkdə necə olacağı detallı şəkildə qeyd olunmuşdu”.

Onun sözlərinə görə, daha sonrakı dəyişiklik 2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni rəhbərlik təyin olunduqdan, səlahiyyətləri artırılandan sonra olub: “Onlar da Azərbaycanda bu sahədə ciddi təcrübə, mütəxəssislər olmadığına, risk götürmək istəmədiklərinə görə, beynəlxalq ekspertləri dəvət edərək tender keçirdilər. Fransız və alman şirkətləri həmin tenderdə qalib gəldilər. Ondan sonra 4 mərhələdən ibarət olan hazırkı planın hazırlanması başlandı. Planın 1-ci mərhələsi 2027-ci ildə bitəcək”.

E.Azadov qeyd edib ki, Bakı şəhərinin Sumqayıtla birləşməsi və bütün Abşeronun inkişafı olduqca geniş və mühüm məsələdir: “Düzdür, hazırkı dövr əvvəlki kimi deyil. Şəhər inkişaf etdiyi üçün onun ətrafında olan torpaqlar artıq yaşayışa çevrilib. Amma unutmaq lazım deyil ki, onların çoxu özbaşına tikilib. O evlərin çoxu şəhər normativlərinə və baş plana uyğun olmayaraq inşa olunub. Azərbaycanın müvafiq Şəhərsalma və Tikinti Məcəlləsinin bütün ərazilərin 5 ildən bir yenilənməsi kimi maddəsi var. Buna da istinadən deyə bilərəm ki, Bakı ilə Sumqayıt arasında özbaşına və yaxud memarların fikri ilə inşaatın olması düzgün deyil. Ona görə ki, o torpaqların çoxu sanaye, kən təsərrüfatı və digərdir. Orada yaşayış üçün də heç nə nəzərdə tutulmayıb. Ona görə, burda çox ciddi araşdırma, iş aparılmalıdır. Bakı şəhəri keçmişdə sanaye olub. Sanaye qalıqlarının çıxarılması, torpaqların təyinatının dəyişdirilməsi məsələlərinə baxılmalıdır. Ölkədə 500 mindən çox qanunsuz tikili var, 2023-cü ilin sonundan onların dövlət tərəfindən sənədləşməsi prosesi başlayacaq. Yəni kompleks işləri aparılmalıdır”.

Müsahibimizin fikrincə, bəzi dövlət strukturları öz qanunvericilik və presedurlarına uyğun olaraq bu prosesi həyata keçirirlər. Bu sahədə müəyyən iş birlikləri olmalı, həm memarların, həm cəmiyyətin, həm də daşınmaz əmlak və inşaat ekspertlərinin fikri nəzərə alınmalıdır.

“Yəni çox nəhəng və kompleks iş aparılmalıdır. Olduqca qəliz məsələdir”.

Elnur Fərzəliyev, daşınmaz əmlak eksperti

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, paytaxt Bakı şəhərinin baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb: “Baş planlar hazırlananda bu müddət ərzində artımın nə qədər olacağı ilə bağlı uzunmüddətli olur. Bu müddət ərzində bütün avtomagistrallar, piyada səkiləri, binalar arası məsafələr, avtobus dayanacaqları, xəstəxanalar, iaşə obyektləri, orta məktəblər və s. hazırda yaşayan və gələcəkdə yaşayacaq əhalinin sayına uyğun olaraq inşa olunur. Lakin 1990-cı ildə Azərbaycan öz müstəqilliyini qazandı, Sovetlər İttifaqı dağıldı, bütün regionlarda işsizlik baş alıb getdi. Ona görə də, insanlar bölgələrdən Bakıya axın etdilər. Daha sonra isə Birinci Qarabağ müharibəsi oldu. Yüz minlərlə məcburi köçkün və digər insanlar paytaxta köç etdilər. Axının həcmi böyük olduğundan Bakı şəhərində pərakəndə şəkildə tikinti işlərinə başlanıldı. Demək olar ki, artıq Bakı şəhəri Xırdalana-Ceyranbatan-Sumqayıt olaraq bir birinə birləşdirilib. Lakin baxsaq, hazırda şəhərin baş planı olmadığına görə, tikilən yeni binaların böyük əksəriyyəti plansız və pərakəndə şəkildə tikilib”.

Həmsöhbərimiz onu da qeyd edib ki, hazırda Bakı və Abşeron ərazisində 2 min civarında çox mənzilli yaşayış binaları var: “Həmçinin, istismar müddətini bitirmiş 10 minə yaxın bina var. Onlar da mərhələli şəkildə sökülərək yeni tikili binalarla əvəzlənir. Xüsusən də paytaxtın mərkəz hissəsində olan fərdi həyət evləri var ki, artıq bir çoxu sökülür. Lakin paytatın baş planı olmadığına görə, memarlıq ansambılı tamamilə pozulub. Şəhərin tam mərkəzində köhnə binaların sökülmədiyi, yeni binaların barmaqla sayılacaq qədər az olduğu yerlərdə memarlıq ansanbılı, baş plan özünü qoruyub saxlayıb. Nəzərə almalıyıq ki, daha böyük söküntülər indidən sonra başlayacaq. Bu ərazi megapolis olsa da, baş planı olmadığına görə tikinti işləri bu cür pərakəndə şəkildə aparılır. Daha pisi odur ki, bu qədər tikinti işləri aparılsa, memarlıq layihələri verilsə də, Azərbaycanın 21-ci əsrə aid olan memarlıq layihəsi yoxdur. Yəni binalar üzərindən Azərbaycan layihələri inşa olunmur. Konkret layihə təstiq olunmalı, hər şey ona uyğun aparılmalıdır”.

E.Fərzəliyev xatırladıb ki, Sovetlər dövründə “Xruşşofka”, “Leninqrad”, “Stalinka” və s proyektlər var idi: “Hər kəs bu proyektdə otaq sayı və ölçünün nə qədər olduğunu bilirdi. Lakin yeni tikili binalarda mənzildaxili proyektlərin vətəndaşların cibinə uyğun olmaması, əlavə kvadrat itkilərinin çox olması həm narahatlıq doğurur, həm da vətəndaşları əlavə puı xərcləməyə məcbur edir. Düşünürəm ki, gec də olsa irəlidə bizi daha böyük tikinti işləri gözləyir. Baş plan qısa müddətdə hazır olmalıdır. Bu gün hər yerdə binalar tikilir, amma uşaq bağçaları, məktəblər tikilmir. Gələcəkdə sıx yaşayış massivlərində əlavə orta məktəblərin tikintisində ciddi problemlər yaranacaq və yaranır. Normativlərə baxsaq, hər sinifdə 15-20 şagird olmalıdır, amma bu gün hər sinifdə 30-40 şagird oxuyur. Bu da onların təhsilinə çox ciddi zərər vurur. O baxımdan, baş plan təkcə binalar üzrıə deyil, həmin infrastrukturların qurulması üzərindən də nəzərdən keçirilməlidir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026