Dadlı və sağlığa faydalı qidalar arasında bal öndə gedənlərdəndir. Bal qida vasitələri içərisində ən tez həzm olunandır. Lakin bu sadaladıqlarımız yalnız təmiz və orginal bala aiddir. Bazarlarda isə tərkibində müxtəlif qatqılar olan ballara tez-tez rast gəlirik.
Bəs, bal alarkən nələrə diqqət etməliyik? Balın keyfiyyətini necə müəyyən edə bilərik?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan qida üzrə ekspert Ağa Salamov bildirib ki, bal alarkən ilk növbədə dadına baxmaq lazımdır. Onun spzlərinə görə, əgər dad boğazda bir az qıcıqlıq yaradırsa, yandırırsa, demək, təmiz baldır.
Balı qaşıqla qaldıranda kəsilməməlidir, birbaşa qalxmalıdır: “Bəzən kəsintilər olur, deməli balın içərisində qatqılar var".
Mütəxəssis qeyd edib ki, suyun yaddaşı olduğu kimi balın da yaddaşı var: “Bal öz pətəyini yadda saxlayır. Boşqabın ortasına bir xörək qaşığı bal qoyub üstünə də yarım stəkan ilıq su əlavə edirik və onu saat əqrəbinin əksi istiqamətində fırlatmaq lazımdır. Əgər bir dəqiqə keçəndən sonra pətək formasını alsa, demək ki, təbii və qatqısız baldır".
Müsahibimiz deyir ki, növbəti məqam balın tündlüyüdür. A.Salamovun sözlərinə görə, balın həm dadında, həm də rəngində tündlük olmalıdır. Açıq rəngli ballar adətən içərisində qatqı olanlardır.
Ağa Salamova görə, ən keyfiyyətli və yaxşı bal meşə və cökə balları sayılır: “Balın sağlamlıq üçün faydası çoxdur”.
Ekspert istehlakçıları daha önəmli bir nüansa diqqət etməyə çağırıb: "Bir məqam var ki, deyirlər bal xarlamaz. Ancaq təmiz bal xarlamalıdır. Bu, normal haldır".
Daşkəsənli arıçı Azər Bəxtiyarov Bakıvaxtı.az-a deyib ki, bal avqustun ortalarında çəkilir. Onun sözlərinə görə, may ayından başlayaraq iyun-iyul aylarında cökə ağacından bal çəkirlər.
Müsahibimiz cökə balını ən məsləhətli bal növlərindən biri sayır.
“Bal min bir dərdin dərmanıdır” deyən A.Bəxtiyarov qeyd edib ki, bal müalicəvi qida vasitəsidir: “Bal bir çox xəstəliyə xeyirlidir”.
Arıçı təmiz balı necə fərqləndirməyin yollarından da danışıb. Bildirib ki, balı müxtəlif yollarla yoxlayıb təbii olub-olmadığını müəyyən etmək olar: “Bir arıçı kimi düşünürəm ki, balın dadına baxmaq ən yaxşı metoddur. Qidanın dadından hiss etmək olar ki, əsl baldır, yoxsa qatqılı".
Xəyalə Rza
















