• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Berlin danışıqları Ukraynanın son şansı deyil - TƏHLİL

SİYASƏT

16 Dekabr 2025 | 10:39

Berlin danışıqları Ukraynanın son şansı deyil - TƏHLİL

Dekabrın 14-ü və 15-də Berlində Ukraynada münaqişənin bitməsi, sülh olmasa da, ən azından atəşkəsin əldə edilməsi üçün intensiv danışırlar aparılıb.

İlk günün danışıqları kifayət qədər sərt keçsə, ortaq nöqtələr tapmaq çətin olsa da, dünənki danışıqlardan sonra ABŞ-nin Ukraynaya, Ukraynanın da ABŞ-yə münasibətdə uzlaşmaya və ortaq məxrəc tapmağa maraqlı görünməsi münaqişənin bitməsi və Rusiya ilə atəşkəsin imzalanması istiqamətində yeni ümidlər doğub. Məsələn, dünya ictimaiyyətində yayılan məlumatlara görə, Ukrayna Donbas istisna ərazilərini güzəştə getməyə, NATO-ya qoşulma iddialarından əl çəkməyə, qarşılığında isə ABŞ NATO-nun 5-ci maddəsinə bənzər şəkildə Ukraynaya təhlükəsizlik qarantiyası verməyə razı olub.

Bütün bu müsbət irəliləyişlər isə ictimaiyyətin bəzi qisimlərində yanlış düşüncəyə səbəb olub. Bir çoxları elə düşünür ki, Berlin görüşü həlledici ola bilər, az qisim isə bunu Ukrayna üçün son şans adlandırır. Bəs Berlin görüşünü necə dəyərləndirmək lazımdır?

Əvvəla, Ukrayna hələ ki, ABŞ-dən və digər tərəfdaş dövlətlərdən istədiyini tam olaraq almayıb. Çünki sözdə qarantor olmaq hələ başqalarının gəlib Ukrayna üçün döyüşməyə hazır olması, yaxud onu başqa metodlarla qorumaq iqtidarında olması anlamına gəlmir. Elə olsa, Ukrayna nüvə silahlarından imtina etdiyi zaman ona verilən qarantiyalar bu gün Kiyevi qoruyardı. Təsadüfə bax ki, həmin tarixdə də Ukraynaya təhlükəsizlik qarantiyasından danışan və qarantiyaya imza atan ölkələr Rusiya və ABŞ idi, bu gün də bu ikili Ukraynanın təhlükəsizliyini masaya yatırıblar. O təhlükəsizlik ki, suveren ərazilərin bir qismi işğalda qalmalıdır...

Yəni Berlin danışıqları hələlik Ukrayna üçün yaxşı seçim deyil, Tampın əvvəlki planından, yəni daha pisdən bir az pis seçimdir. Ona görə də bu danışıqları Ukrayna üçün son şans adlandırmaq bu ölkədə ruh düşkünlüyünə səbəb olmaqdan başqa hər hansısa niyyətə xidmət etmir. Çünki bundan sonra ən pis ssenaridə belə Ukrayna aşağı-yuxarı eyni itkiləri yaşayacaq.

Kimsə iddia etsə ki, müharibə davam edərsə, Rusiya bu ölkənin dərinliklərinə irəliləyəcək və daha çox ərazini işğal edəcək, bu da absurd görünür. Bunun isə iki səbəbi var. Bu səbəblərdən heç biri Ukrayna, onun ordusunun gücü ilə bağlı deyil.

Birinci səbəb odur ki, Qərbi Avropa Ukraynanın tam məğlubiyyətinə və “ağ bayraq qaldırmasına” əsla imkan verməyəcək. Avropadakı hazırlıqlar da buna işarədir. Macarıstanın narahatlığını doğru oxumaq lazımdır. Macarlar yaxşı görürlər ki, qoca qitə strateji məğlubiyyət yaşamamaq, yaxud strateji düşməni Rusiyadan geri qaldığını etiraf etməmək üçün Ukrayna məsələsində güzəştə getmək istəmirlər. Bu isə zamanla Rusiya və Avropa, daha doğrusu Qərb arasında müharibə riskini otaya çıxarır. Təbii Şərqi və mərkəzi Avropa dövlətləri ABŞ-nin qoca qitəni qorumaması halında Rusiya ilə qarşıdurmadan mütləq qaçış yolu axtaracaq, bəziləri bu yolu tapsa da, bəziləri poliqona çevriləcək. Amma hər halda, Qərbi Avropa dövlətləri Ukraynı bu qədər asan itirmək istəməyəcəklər. Ukraynanın da maraqlarına uyğun güzəştlər ola bilər, ancaq bu, Berlin danışıqlarındakı razılıqlar deyil.

İkincisi, ABŞ özü də Ukraynanı asan itirmək istəməyəcək. Tramp administrasiyasının Zelenskini hakimiyyətdən göndərmək istəməsi də ona görədir. Vaşinqton görür ki, Zelenski təslim olmur, “ölüm-qalım” mübarizəsindən də çəkinmir. Amma dünyanın bütün nöqtələrində xarici siyasətində ciddi problemlər olan ABŞ bütün gücünü də Ukraynaya qoya bilməz, qoymaq istəmir. Ona görə də, Zelenskini “yola salıb” yerinə “kukla hökumət” formalaşdırmaqla Berlin razılaşmaları tərzində bir sənədə imza atdıraraq burada öz niyyətlərinə çatmaq istəyir. Ancaq seçkilər olmazsa, yaxud Zelenski yenə qalib gələrsə və təslim olmazsa, ABŞ hədə-qorxu gəldiyi kimi, Kiyev Rusiya ilə müharibədə tək də qoymayacaq. Bu, ən başda öz maraqlarına ziddir. Çünki Ukraynanın tam məğlubiyyəti və Rusiyanın təsir dairəsinə düşməsi ABŞ-yə strateji zərbədir. Yada salmaq və yadda saxlamaq lazımdır ki, nadir metalların sürətlə strateji önəm kəsb etdiyi yeni dünyada ABŞ-nin Ukrayna ilə nadir metallarla bağlı müqaviləsi imzalanıb və bu, ABŞ-nin əsas strateji rəqibi - Çindən asılılıqdan yayınmaq üçün az sayda alternativlərindən biridir.

Ona görə də, Berlin danışıqlarının nizamlanma posesində ciddi irəliləyiş olduğunu qəbul edərək, bunun yekun nəticə və ya Ukraynanın son şansı olmadığını demək olar.

Burada tək Ukrayna və Qərbin nə düşündüyü də önəmli deyil. Moskvanın da mövqeyini bilmək lazımdır. Axı Rusiya Trampın ilkin sülh planına razılıq vermişdi. İndi isə, Rusiyanın iştirak etmədiyi danışıqlarda həmin plana dəyişikliklər edilməkdədir. Yəqin ki, heç Rusiya da öz maksimalist mövqeyini dəyişməyəcək, yeni şərtlərdən maraqlarına uyğun olmayanları dəyişdirməyi istəyəcək.

Bir sözlə, ziddiyyətlər hələ də qalmaqdadır və bu ziddiyyətlərin həllinin 3 real yolu var. Heç biri də danışıqlar və uzlaşmanın əldə edilməsi ehtimalı deyil. Çünki bu, mümkün deyil.

Həmin 3 yolu belə qeyd edə bilərik:

1.    Zelenski iqtidardan gedir, yerinə gələn iqtidar xaricdən edilən diktələrə boyun əyir;

2.    Putin iqtidarı devrilir, yaxud seçkiləri uduzur və yeni gələn hakimiyyət Qərbə baxışını dəyişir;

3.    Tərəflərdən biri döyüş meydanında tam məğlubiyyət yaşayır və ağ bayraq qaldırır.

Həşim Səhrablı


SON XƏBƏRLƏR