“ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə zənginin əsas məramı, məqsədi vasitəçilik missiyasını üzərinə götürmək və bu proseslərdə iştirak etməkdən ibarətdir”.
Bunu Bakıvaxtı.az-a deputat Arzu Nağıyev ABŞ Dövlət katibinin Azərbaycan prezidentinə zəngini şərh edərkən deyib.
Deputat vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində iki dövlətin özünün istəyi ilə atılan hər bir addım Bakının müstəqil siyasətindən irəli gəlir:
"ABŞ çalışır ki, vasitəçilik missiyasını öz üzərinə götürsün, regionda nüfuzunu bərpa etsin. Təəssüf doğuran hal odur ki, bu addımı atan ABŞ regionun silahlanmasına qarşı çıxmır. Vaşinqton Ermənistanın bir sıra Avropa və NATO dövlətindən hərbi texnika almasına reaksiya vermir. Birmənalı şəkildə həm status-kvonu saxlamağa çalışır. Eyni zamanda özünün sülh vasitəçisi kimi təqdim edir. Avqust ayının 30-da imzalanmış Əsasnaməyə əsasən, iki dövlət arasında delimitasiya və demarkasiya komissiyalarının imzaladığı sənədin vacibliyini vurğulayır. Cənab prezident də vurğulayır ki, tərəflər arasında gələcəkdə imzalanması gözlənilən sazişin əsas şərtindən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmamasıdır. Yəni Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi, əsas məsələ budur. Konstitusiyanın dəyişməsi üçün referendum keçirilməlidir. İrəvan isə bunu 2027-ci ilədək uzadır".
Müsahibimiz qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrliyinin ləğvi də müzakirə mövzusudur:
"30 il deklorativ bəyanatlardan başqa heç bir addım atmayan bu qurumun ciddi işlə məşğul olmadığını bütün dünya bilir. Minsk qrupunun həmsədrliyində ABŞ-nin özü də təmsil olunurdu. Təəssüf doğuran məsələ də odur ki, həmin müddət ərzində heç bir addım atmayıb. Yəni bu gün ABŞ narahatdır ki, Azərbaycan müstəqil siyasət yürüdür, sülh müqaviləsinin imzalanmasında vasitəçiyə ehtiyac olmadığını bəyan edir. Daxili və xarici siyasətini müstəqil olaraq həyata keçirir. Blinkenin zəngində COP29-la bağlı da müvafiq danışıqlar oldu. Dövlət başçısının dediyi kimi, COP29-da qonaq qismində iştirak edəcək böyük dövlətlər də Azərbaycan reallığını dərk edir. Yəqin ki, onların da bəyanatları olacaq”.

Arzu Nağıyev: ABŞ çalışır ki, vasitəçilik missiyasını öz üzərinə götürsün, regionda nüfuzunu bərpa etsin
A.Nağıyev bildirib ki, əsas amillərdən də biri Rusiyanın regiondan sıxışdırılması cəhdləridir. Onun sözlərinə görə. ABŞ və NATO ölkələri Ermənistandan istifadə etməklə çalışırlar ki, əsas tənzimləyici rol Qərbin üzərində olsun:
“Lakin bir daha qeyd edirəm ki, Azərbaycanın dönməz, müstəqil daxili-xarici siyasəti var və bütün addımlarımız buna uyğun olaraq atılır".
Aydın Baxış
















