• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

BRİKS Ölkələri ilə Əməkdaşlıq: Azərbaycanın Perspektivi

CƏMİYYƏT

12 Iyul 2024 | 17:03

BRİKS Ölkələri ilə Əməkdaşlıq: Azərbaycanın Perspektivi

Azərbaycanın BRİKS-ə qoşulması məsələsi son dövrdə geniş müzakirə olunan mövzulardan biridir.

BRİKS qlobal iqtisadi və siyasi təsirə malik ölkələr qrupudur. Bu quruma qoşulma Azərbaycanın iqtisadi və siyasi sahədə yeni imkanlar əldə etməsinə şərait yarada bilər. Rəqabət, uyğunlaşma və geosiyasi təzyiqlər ölkəmizin dünya arenasında inkişafında yeni perspektivlər yaradacaq.

Ötən gün Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarovanın bu təşkilata qoşulmaqda ölkəmizin maraqlı olduğuna dair verdiyi açıqlama BRİKS-lə bağlı yeni suallar ortaya qoyur.

Azərbaycanın təşkilata qoşulması dövründə nələr gözlənilir?

Politoloq Kazım Kazımov Bakıvaxtı.az saytına açıqlamasında bildirib ki, Azərbaycanın BRİKS-ə daxil olması müsbət haldır. BRİKS-in yaranmasının tarixi və siyasi səbəblərinə toxunan politoloq Azərbaycanla yanaşı BRİKS-lə yaxın əlaqələri olan ölkələrdən nümunələr gətirib:

“1991-ci ildən sonra dünyada siyasi bir boşluq yaranmağa başladı. Bu dövrdə baş verən hadisələr fonunda siyasi ayrışmalar hələ tam olaraq formalaşmamışdı.Lakin 21-ci əsrin əvvəlində təkqütblü siyasi sistemin artıq çökməyə başladığının və yeni güc mərkəzlərinin yarandığını şahidi oluruq. Bu yeni siyasi sistemdə həm qərb bloku, həm də digər yüksələn güclərlə işləyə biləcək alternativ birliklərin yaradılması zəruri idi. BRİKS-i bu birliklərdən ən güclüsü hesab edə bilərik”.

Politoloq Kazım Kazımov

 Politoloq qeyd edib ki, təşkilata daxil olmağın Azərbaycan üçün strateji önəmi çoxdur:

“Azərbaycan Respublikası hər zaman balanslaşdırılmış siyasətin tərəfdarı olmuş və bunu maksimum səviyyədə həyata keçirən bir dövlətdir. Həm BRİKS ölkələri, həm də BRİKS-lə yaxın əlaqədə olan ölkələrlə Azərbaycan Respublikası arasında kifayət qədər yaxşı əlaqələrin olması ölkəmiz üçün müsbət haldır. Digər bir müsbət hal ondan ibarətdir ki, Çinin yüksək texnologiya potensialı və ticari əlaqələrinin artması, Latın Amerikası ölkələrinin yüksələn iqtisadi potensialı, BRİKS dövlətlərinin arasındakı ticarət əlaqələrinin inkişafı Azərbaycan iqtisadiyyatı üçün də müsbət vədlər verir”,- mütəxəssis qeyd edib.

Kazım Kazımov diqqətə çatdırıb ki, BRİKS vasitəsilə Azərbaycanın ixracatının genişlənəcəyi, milli valyutamızın istifadəsinin artacağı və eyni zamanda quruma daxil olmaqla idxal edilən məhsullar daha ucuz və daha tez bir zamanda əldə edilə biləcək.

Eskpert şərhindən belə nəticə çıxarmaq mümkündür ki, Azərbaycanın BRİKS-ə qoşulması potensial olaraq böyük iqtisadi və siyasi fayda verəcək. Azərbaycanın bu istiqamətdə strateji və balanslı bir siyasət yürütməsi vacibdir ki, həm ölkənin milli maraqları qorunsun, həm də beynəlxalq əməkdaşlıq genişləndirilsin.

BRİKS-ə qoşulmaq Azərbaycanın qlobal arenada mövqeyini gücləndirə və iqtisadi inkişafına təkan verə biləcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR