İsrailin Nuseyrat qaçqın düşərgəsindəki girovların azad edilməsi əməliyyatı, HƏMAS-ın əhalinin sıx məskunlaşdığı ərazilərdə girov saxlaması müharibə cinayəti kimi qiymətləndirilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lorens bildirib.
O, brifinqdə deyib ki, İsrail qüvvələrinin həftəsonu Nuseyratda dörd girovun azad edilməsi üçün keçirdiyi əməliyyatın mülki şəxslərə vurduğu zərbə kədərli məsələdir:
"Əksəri mülki vətəndaş olan yüzlərlə fələstinlinin öldürüldüyü və yaralandığı bildirilir. Əməliyyatın əhalinin bu qədər sıx məskunlaşdığı ərazidə keçirilməsi qanunlarda nəzərdə tutulan ehtiyatlılıq prinsiplərini ciddi sual altında qoyur”.
C.Lorens bildirib ki, Fələstin silahlı qruplarının beynəlxalq humanitar hüquqla qadağan edilən, əksəriyyəti mülki şəxslər olmaqla, çoxlu girov saxlamağa davam etməsi də qanunlara ziddir:
"Hər iki tərəfin bu hərəkətləri hərbi cinayətlərə bərabər ola bilər", - sözçü vurğulayıb.