"Uşaqların tez-tez xəstələnməsi hər zaman gigiyena qaydalarının pozulması ilə bağlı olmur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.
Onun sözlərinə görə, uşağın çirkli əllərlə qidalanması, oyuncaqların və ətraf mühitin təmiz olmaması kimi hallar infeksiyaların yayılmasına və müxtəlif xəstəliklərə səbəb ola bilər. Bu zaman bakteriya və viruslar ağız boşluğu vasitəsilə orqanizmə daxil olur.
Pediatr bildirib ki, bəzi hallarda isə uşaqların tez-tez xəstələnməsinin gigiyena ilə heç bir əlaqəsi olmur:
"Xüsusilə bağçaya gedən uşaqların viruslarla daha çox təmasda olması səbəbindən il ərzində 8-10 dəfə virus infeksiyasına yoluxması normal hesab edilir. Bu vəziyyət nə immun çatışmazlığına, nə də gigiyena problemlərinə işarə edir".
G. İlyasova qeyd edib ki, adenoid, reflüks xəstəliyi, qidalanma pozğunluqları, qida çatışmazlığı, allergiya və passiv siqaret tüstüsünə məruz qalma kimi amillər də uşaqların tez-tez xəstələnməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bu uşaqlar daha həssas qrupa aid olduqları üçün infeksiyalara qarşı daha tez yoluxurlar.
Aunur Babazadə
Bakı 



