• Bakı 17° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Bu il keçid ballarının artması ehtimalı YÜKSƏKDİR

CƏMİYYƏT

12 May 2025 | 15:01

Bu il keçid ballarının artması ehtimalı YÜKSƏKDİR

Dünən ölkəmizdə magistratura pilləsinə qəbul üzrə ikinci cəhd imtahanı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a danışan elm və təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 2025-ci il üzrə magistratura qəbul imtahanı bir daha göstərdi ki, bu mərhələ yalnız akademik bilik deyil, eyni zamanda struktur problemlərinin və qeyri-bərabərliklərin də göstəricisinə çevrilib:

“Hər il olduğu kimi, bu il də minlərlə bakalavr, ixtisaslaşmaq və peşəkar sahədə dərin biliklər əldə etmək üçün magistratura pilləsinə qəbul olunmağa çalışır. Lakin magistratura imtahanlarının mövcud strukturu, sualların məzmunu və qiymətləndirmə prinsipləri ilə bağlı əsaslı problemlər qalmaqdadır. DİM-in həyata keçirdiyi bu imtahan modeli artıq bir neçə ildir ki, akademik cəmiyyət tərəfindən tənqid olunmaqla yanaşı, humanitar ixtisaslı tələbələr üçün ciddi ədalətsizlik mənbəyinə çevrilib. İmtahanın strukturuna baxsaq, burada 3 əsas komponent var: məntiq, informatika və xarici dil. Bu fənlərin üçü də bütün bakalavrlara eyni şəkildə tətbiq olunur. Halbuki bu fənlərin tələb etdiyi düşüncə tərzi, bilik səviyyəsi və tədris metodu ixtisaslara görə kəskin fərqlənir. Ədəbiyyat, tarix, pedaqogika, jurnalistika və sosiologiya kimi humanitar sahələrdən gələn bakalavrlar informatika və məntiq kimi texniki-fənni bloklara hazır olmurlar. Bu fənlər onların təhsil planında ya zəif, ya da ümumiyyətlə olmur. Əksinə, riyaziyyat, mühəndislik, informatika kimi texniki ixtisaslardan gələnlər bu komponentlərdə əhəmiyyətli üstünlüyə malikdirlər. Nəticədə magistratura imtahanı ixtisas üzrə deyil, “kim daha yaxşı kod yaza və məntiqi düşünə bilir” testinə çevrilir. Bu isə ixtisaslaşma anlayışını tamamilə arxa plana atır”.

Keçid balları artacaq

Ekspert qeyd edib ki, bu il də məntiq bölməsi əvvəlki illərə nisbətən daha çətin, informatika və xarici dil isə daha asan idi:

"Xüsusilə məntiq suallarında cavab variantlarının bir-birinə çox yaxın olması, bəzi tapşırıqların texniki çətinlik yaratması və vaxta qarşı psixoloji təzyiq humanitar sahələrdən gələnlər üçün ciddi stress mənbəyi oldu. İnformatika suallarının daha sadə olması isə texniki ixtisaslardan gələnlərə əlavə üstünlük yaratdı. Beləliklə, bu struktur, sadəcə qiymətləndirmə vasitəsi deyil, eyni zamanda sosial və ixtisas baxımından qeyri-bərabərliyin institusional təzahürüdür. Bu il keçid ballarının artması ehtimalı yüksəkdir. Əsas səbəblərdən biri budur ki, 2025-ci ildə magistraturaya qəbul olmaq istəyənlərin sayı əvvəlki illərə nisbətən artıb. Dövlət İmtahan Mərkəzinin ilkin məlumatına əsasən, 2024-cü ildə 23 minə yaxın bakalavr sənəd vermişdisə, bu il bu göstərici 26 minə yaxınlaşıb. Bu artım, əsasən, işsizlik, əmək bazarında rəqabət və bakalavr diplomunun kifayət etməməsi ilə bağlıdır. Bir çox gənc magistratura diplomunu ya dövlət qulluğuna daxil olmaq, ya da ixtisas üzrə dərinləşmək üçün zəruri alət hesab edir. Bu isə plan yerləri dəyişməz qaldığı halda rəqabəti kəskin artırır. İxtisaslar üzrə maraqda da dəyişikliklər var. Son illərdə ən çox müraciət edilən sahələrə hüquq, psixologiya, beynəlxalq münasibətlər, təhsilin idarə edilməsi, maliyyə və menecment daxildir. Xüsusilə “Təhsilin təşkili və idarə olunması” ixtisasına keçid balının artması gözləniləndir. Bunun səbəbi pedaqoqlar arasında bu sahəyə marağın kəskin yüksəlməsi və bu istiqamətdə kadr ehtiyacının açıq qalmasıdır. Eyni zamanda, psixologiya və sosial iş ixtisaslarına maraq da artıb, çünki bu sahələr həm dövlət müəssisələrində, həm də qeyri-hökumət təşkilatlarında geniş yayılıb. Hüquq və beynəlxalq münasibətlər isə həm yerli, həm də xarici universitetlərdə populyarlığını qoruyur”.

İxtisas fərqləri nəzərə alınmır

Müsahibimiz sonda qeyd edib ki, DİM-in tətbiq etdiyi vahid imtahan modeli bu maraqları və ixtisas fərqlərini nəzərə almır:

“Əgər ixtisaslaşma prinsipi əsasdırsa, o zaman imtahan da ixtisaslara uyğun qurulmalı, sadəcə 3 fənnin ümumi testindən ibarət olmamalıdır. Dünyanın inkişaf etmiş ölkələrində – məsələn, Almaniya, Hollandiya, Böyük Britaniya və Skandinaviya ölkələrində – magistraturaya qəbul prosesləri çox zaman bakalavr nəticələri, akademik portfel (məzmunlu CV, elmi yazılar, motivasiya məktubu) və ixtisas üzrə müsahibə ilə aparılır. ABŞ-da isə GRE və GMAT kimi testlər olsa da, onlar daha çevik və fakültə əsaslı şəkildə tətbiq olunur. Azərbaycanda isə humanitar təmayüllü tələbələrin informatika kodlaşdırma suallarında “ilişməsi”, məntiqdə formalaşmamış şərtlərlə mübarizə aparması onların gələcək ixtisaslaşmasının qarşısını alır. Bütün bu faktlar fonunda imtahan strukturunun dəyişməsi artıq təxirəsalınmaz zərurətə çevrilib. Magistratura imtahanı ixtisaslaşmaya əsaslanmalıdır. Texniki fənlər, əgər ümumi qəbul üçün saxlanacaqsa, ən azı ixtisaslara uyğun variantlılaşdırılmalı, alternativ test modulları təklif edilməlidir. Məsələn, humanitar sahələr üçün məntiq əvəzinə analitik oxu və arqumentasiya bacarıqları yoxlanmalı, texniki sahələr üçün isə proqramlaşdırma və model qurma bacarıqları önə çıxarılmalıdır. Əgər bu islahatlar həyata keçirilməsə, hər il minlərlə humanitar ixtisaslı bakalavr qeyri-adekvat test sistemində “sınaq obyekti” olacaq, onların peşəkar inkişaf arzusu səhv strukturun qurbanına çevriləcək. Bu da magistratura səviyyəsinin elmi və praktiki dəyərini aşağı salacaq, universitetləri formal təhsil müəssisəsinə çevirəcək. Ona görə də bu tənqid təkcə DİM-ə yönəlməməlidir, həm də Elm və Təhsil Nazirliyinin məsuliyyətidir – çünki ali təhsilin pillələri yalnız testlə deyil, tədris məzmunu və akademik məntiq əsasında qurulmalıdır. Əgər məqsəd doğrudan da bilikli və peşəkar magistrlər yetişdirməkdirsə, bu struktur dəyişməlidir. Bəli, bu dəyişiklik bizə lazımdır – çünki təhsilin dəyəri onun ölçülmə vasitəsindən başlayır”.


SON XƏBƏRLƏR