• Bakı 29° C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Bu peşə sahibləri məsafədən işləyə bilər

CƏMİYYƏT

19 Avqust 2026 | 09:14

Bu peşə sahibləri məsafədən işləyə bilər

Sentyabrın gəlişi ilə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Məktəblərin və universitetlərin fəaliyyətə başlaması, insanların gündəlik iş rejiminə qayıtması onsuz da yüklənən yollarda əlavə sıxlıq yarada bilər. Metroda aparılan təmir işləri səbəbindən sərnişinlərin bir hissəsinin avtomobil və avtobuslara yönəlməsi də vəziyyəti daha da çətinləşdirir.

Belə bir şəraitdə tıxacların azaldılması üçün yalnız yol və nəqliyyat infrastrukturunun genişləndirilməsi deyil, alternativ iş modellərinin tətbiqi də gündəmə gəlir.

Bəs hansı peşə sahibləri işlərini ofisə getmədən, məsafədən həyata keçirə bilər? İşçilərin müəyyən günlərdə evdən çalışması Bakının nəqliyyat yükünün azalmasına real təsir göstərə bilərmi?

İlkin Məmmədkərimov, İnsan resursları üzrə mütəxəssis

Mövzu ilə Bakıvaxtı.az-a danışan İnsan resursları üzrə mütəxəssis İlkin Məmmədkərimov hesab edir ki, bir sıra peşələrdə əməkdaşların hər gün ofisdə fiziki olaraq iştirak etməsinə zərurət yoxdur.

Onun sözlərinə görə, xüsusilə informasiya texnologiyaları, proqramlaşdırma, dizayn, tərcümə, mətn yazarlığı, rəqəmsal marketinq, mühasibatlıq, müştəri xidmətləri, SMM, eləcə də bir sıra analitik və inzibati vəzifələr məsafədən həyata keçirilə bilər.

Ekspert bildirir ki, bu sahələrdə əsas meyar işçinin ofisdə olması deyil, qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsidir.

“Sentyabr ayında məktəb və universitetlərin fəaliyyətə başlaması ilə nəqliyyat yükünün artacağını nəzərə alsaq, işəgötürənlərin hibrid və məsafədən iş modellərindən daha geniş istifadə etməsi həm əməkdaşların vaxtına qənaət edə, həm də pik saatlarda nəqliyyata düşən yükü müəyyən qədər azalda bilər”, - deyə İlkin Məmmədkərimov qeyd edib.

Dediyinə görə, təbii ki, bütün peşələr üçün distant iş modeli uyğun deyil. Səhiyyə, tikinti, istehsalat, pərakəndə satış, xidmət və birbaşa müştəri ilə fiziki təmas tələb edən sahələrdə əməkdaşların iş yerində olması zəruridir.

Fəridə Əmirova, İnsan resursları üzrə digər mütəxəssis

İnsan resursları üzrə digər mütəxəssis Fəridə Əmirova da Bakıvaxtı.az-a deyib ki, bir çox peşə sahibləri evdən və ya hibrid formatda işləyə bilər.

Onun fikrincə, İT, marketinq, işə qəbul, data analitikası, hüquq, tərcümə, müəllimlik, satınalma, maliyyə, dizayn, satış, müştəri xidmətləri, bank və sığorta sahələrində müəyyən vəzifələrin məsafədən həyata keçirilməsi mümkündür.

Ekspertlərin fikrincə, burada məqsəd bütün işçiləri distant işə keçirmək deyil. Vəzifəyə uyğun olaraq həftənin müəyyən günlərində evdən işləmək və ya işə başlama saatlarını çevik şəkildə tənzimləmək də alternativ həll kimi tətbiq oluna bilər.

Xüsusilə böyük şirkətlərdə hibrid iş modelinin genişləndirilməsi pik saatlarda şəhər üzrə gündəlik hərəkətliliyin azalmasına müəyyən töhfə verə bilər. Beləliklə, məsafədən iş yalnız əməkdaş üçün vaxt və rahatlıq məsələsi deyil, eyni zamanda şəhərin nəqliyyat yükünün azaldılması baxımından da əlavə vasitə kimi nəzərdən keçirilə bilər.  

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026