İtaliyanın Abruzzo bölgəsində yerləşən Penne şəhəri əhalisinin azalmasının qarşısını almaq üçün maraqlı bir təşəbbüsə imza atıb.
Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.
Məlumata görə, şəhər rəhbərliyi, tərk edilmiş evlərin 1 avroya (təxminən 1.85 manat) satışını elan edib.
Bu fürsətdən yararlanmaq istəyənlər üçün əsas şərt alınan evin üç il ərzində təmir edilməsidir. Bundan əlavə, alıcılardan 2 min – 5 min avro arasında depozit ödənişi tələb olunur. Təmir işləri tamamlandıqdan sonra bu məbləğ geri qaytarılır.
Penne şəhərinin meri Gilberto Petrucci bildirib ki, alıcılara təmir prosesində dəstək göstərmək üçün mütəxəssislərdən ibarət komanda yaradılıb. Bu komanda mühəndis və memarlardan ibarətdir və həm məsləhət verməklə, həm də təmir prosesini yönləndirməklə məşğul olacaq.
Mütəxəssislərin hesablamalarına görə, kiçik və orta ölçülü evlərin əsaslı təmiri üçün minimum 20 min avro vəsait tələb olunur.
Penne şəhərinin bu layihəsi, həm şəhərin yenidən canlandırılması, həm də xarici investorların cəlb olunması baxımından diqqət çəkir.
Nuriyyə Musayeva