Evimizin balkon və pəncərə şüşələri zamanla çirklənir və ləkələnir. Bəzi hallarda adi şüşə təmizləyici vasitələr belə bu ləkələri tam aradan qaldıra bilmir. Belə vəziyyətdə isə təbii üsullardan istifadə edərək, şüşələri mükəmməl təmiz saxlamaq mümkündür. Şüşələrin həm daxildən, həm də xaricdən təmiz və baxımlı görünməsi evin estetik görünüşünü qorumaq üçün vacibdir. Lakin gündəlik toz, su ləkələri və digər çirklər bu parlaq görünüşü pozur. Təmizlik zamanı isə kimyəvi maddələr əvəzinə, daha təbii və təsirli üsullara üstünlük vermək mümkündür.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislərin tövsiyə etdiyi təbii üsullar sayəsində pəncərə və balkon şüşələrini asanlıqla ləkələrdən təmizləyə bilərsiniz:
1. Ağ sirkə: Güclü turşu xüsusiyyətinə malik olan ağ sirkə şüşələrdəki ləkələri asanlıqla təmizləyir. Bunun üçün bərabər miqdarda ağ sirkə və suyu qarışdırıb sprey qabına tökün. Daha sonra bu qarışığı şüşələrə püskürdüb mikrofiber bezlə silin.
2. Qarğıdalı nişastası: Qeyri-adi görünsə də, qarğıdalı nişastası pürüzlü strukturu sayəsində şüşə təmizliyində olduqca təsirlidir. Bunun üçün 2 stəkan suya 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırın. Hazırladığınız məhlulu şüşələrə püskürdüb mikrofiber bezlə təmizləyə bilərsiniz.
3. Soda (karbonat): Təbii təmizləyici vasitə olan soda şüşələrdəki çirkləri aradan qaldırmaq üçün əla seçimdir. Bunun üçün 1 litr ilıq suya 1 xörək qaşığı soda əlavə edib qarışdırın. Daha sonra təmiz bir bezi bu məhlula batırıb şüşələri silin.
4. Limon suyu: Asidik xüsusiyyəti sayəsində limon suyu da şüşələrin parlaq görünməsinə kömək edir. Bunun üçün 1 stəkan suya yarım limonun suyunu sıxın, qarışdırıb sprey qabına tökün və şüşələrə püskürdün. Daha sonra mikrofiber bezlə silərək ləkələrdən asanlıqla xilas olun.
Nuriyyə Musayeva