Rusiyanın dron hücumu Çernobıl Atom Elektrik Stansiyasının milyardlarla avroya başa gələn yeni qoruyucu günbəzində dəlik yaradıb və radiasiya sızması ehtimalını yüksəldib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada yerləşən və 2019-cu ildə tamamlanan qoruyucu konstruksiya hücum nəticəsində zədələnib və artıq radiasiyanı lazımi səviyyədə bloklama funksiyasını yerinə yetirmir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) son yoxlamalardan sonra qurğunun genişmiqyaslı təmirə ehtiyacı olduğunu açıqlayıb.
Fevral ayında baş verən hücum nəticəsində dağıdılmış reaktorun üzərindəki “yeni təhlükəsizlik günbəzi”ndə dəlik əmələ gəlib. Avropanın dəstəyi ilə 1,5 milyard avroya inşa edilən polad günbəz relslər üzərində hərəkət etdirilərək, reaktorun üzərinə yerləşdirilmişdi.
BAEA-nın ötən həftə apardığı inspeksiyada dron hücumunun qoruyucu günbəzin struktur dayanıqlılığını zəiflətdiyi müəyyən edilib.
Qeyd edək ki, 1986-cı ildəki Çernobıl faciəsindən sonra Sovet İttifaqı radiasiyanın yayılmasının qarşısını almaq üçün reaktorun üzərində beton sarkofaq inşa etmişdi. Yeni polad günbəz isə köhnə konstruksiyanın təhlükəsiz və uzunmüddətli sökülməsi prosesini təmin etmək üçün tikilmişdi.
BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, yoxlama qrupunun qiymətləndirməsinə görə, struktur əsas təhlükəsizlik və radiasiya izolyasiyası funksiyalarını itirib, lakin daşıyıcı elementlər və monitorinq sistemləri ciddi zərər görməyib. Onun sözlərinə görə, bəzi müvəqqəti təmir işləri aparılsa da, uzunmüddətli nüvə təhlükəsizliyi üçün geniş bərpa zəruridir./Qafqazinfo
Bakı 



