Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanda məhkum edilmiş azərbaycanlıları Bakıda saxlanılan ermənilərlə dəyişdirməyə hazırdır. Baş nazirin sözlərinə görə, Bakıda saxlanılan ermənilərin qaytarılmasının yollarından biri Azərbaycanla danışıqların aparılmasıdır.
Xatırladaq ki, aprel ayında Naxçıvanda Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüblər. Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakıvaxtı.az-a deyib ki, Ermənistanda saxlanılan ki gənc əsgərimiz tamamilə qeyri-qanuni olaraq qərəzli şəkildə məhkum ediliblər.
Hüquq müdafiəçisi bildirib ki, əsgərlərimiz dumanlı hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçiblər: "Ermənistan onları "təxribatçı" kimi təqdim etdi, "terrorçular" kimi qələmə verməyə çalışdı. 19-20 yaşında olan əsgərlərin, qeyri-professional gənclərin düşmən ölkənin ərazisinə məqsədli şəkildə göndərilməsi dünya təcrübəsində yoxdur. Bu əsassız iddia ilə Ermənistan özünü bir daha gülünc vəziyyətə salmış oldu. Amma Paşinyanın "əsirləri qarşılıqlı dəyişməyə hazırıq" açıqlamasını gözləyirdik. 2020-ci il noyabrın 26-da 62 təxribatçı həbs edilib. Onların bir hissəsi Rusiyanın, Gürcüstanın vasitəçiliyi ilə Ermənistana verildi və əvəzində minalanmış sahələrin xəritələrini aldıq. Ancaq Ermənistan yenə riyakarlıq etdi və xəritələr həqiqətə uyğun olmadı. Azərbaycanda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında bir neçə erməni var. Ermənistan tərəfi onların dəyişdirilməsini nəzərdə tutur. Çünki onlar təxribat törətmək üçün ölkəmizə gəlsələr də, öz çirkin niyyətlərini reallaşdıra bilmədilər, ağır fəsadları olmadı. Planladıqları terror aktlarını həyata keçirə bilmədilər. Ona görə də həmin ermənilərin geri qaytarılması və yaxud da əvəzlənməsi məsələsi müzakirə oluna bilər".
Çingiz Qənizadə:İki əsgərimizin taleyini düşünmək lazımdır
Müsahibimiz bəyan edib ki, buna qarşı çıxan bəzi ekspertlərin yanaşmasını başa düşə bilmir: "İki əsgərimizin taleyini düşünmək lazımdır. Onlar bizim üçün terror planlamış və həyata keçirə bilməmiş ermənilərdən daha dəyərlidir. İki əsgərimizin azadlığı önəmlidir. Əlbəttə, söhbət keçmiş separatçı rejimin "rəhbərlərindən", cinayət və terror törətmiş ermənilərin qaytarılmasından getmir. Onlardan əlavə 15-20 nəfər həbsdə olan ermənilər var və söhbət məhz onların dəyişdirilməsindən gedir. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə danışıqlar başlayacaq. Çünki bu, Nikol Paşinyan üçün də lazımdır. 5-10 erməninin geri qaytarılması ilə öz imicinin nisbətən bərpa olunması baş nazir üçün mühümdür. Bizim üçün də önəmli olan odur ki, iki əsgərimiz sağ-salamat geri qaytarılsın. Bəzən üçüncü ölkələrin vasitəçiliyi ilə aparılan bu cür işləri cəmiyyətə açıqlamırlar, biz sadəcə nəticəni görürük. O baxımdan ümid edirəm ki, tezliklə xoş nəticələrin də şahidi olacaq".
Aydın Baxış