Dələduzluqdatəqsirləndirilən Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda vəkillər vəsatətlə çıxış edib.
Təqsirləndirilən şəxsin vəkili ifadə zamanı zərərçəkmiş Dəniz Əsədovanın anlaqsız olduğunu bildirib, barəsində tibbi ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verib.
Hakim Səbinə Məmmədzadə vəsatəti təmin etməyib.
Daha sonra zərərçəkmiş şəxsin vəkilləri iş üzrə şahidlərin çoxluğunun və təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəyən zərərin ödənilməməsi səbəbindən təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib.
Hakimlər heyyəti zərərçəkmiş şəxsin vəkillərinin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxs Rauf İsfəndiyarovun məhkəmə zalında həbs edilməsi ilə bağlı qərar elan edib.
Baxış iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 3 zərərçəkmişlər müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyidir.
Məlumata görə, təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan çoxdur.
R.İsfəndiyarov müğənni Dəniz Əsədovadan isə aldatma yolu ilə 260 min və 59 min manat pul alıb. O, istintaq müddətində vəsaitin 100 min manatını geri qaytarsa da, digər hissəsini verməyib. Müğənni R.İsfəndiyarovun həbs edilərək ağır cəzalandırılmasını tələb edib.
















