Valideynlər zaman-zaman orta məktəblərdə şagirdlərin dərs yükünün ağır olmasından şikayətlənirlər. “Əvvəllər belə deyildi, getdikcə uşaqlar daha çox yüklənirlər” deyən valideynlər bildirlər ki, övladları orta məktəbdə o qədər yorulurlar ki, hətta ev tapşırıqlarını belə etməyə taqətləri qalmır.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, beynəlxalq krikulumlarla Azərbaycan təhsilini müqayisə etsək, görərik ki, əslində, Azərbaycanda dərs saatları çox deyil: “Məsələn, bəzi inkişaf etmiş ölkədə şagirdlərin məktəbdə keçirdiyi müddət daha çoxdur. Məsələn, Estoniya, Amerika, Çin və Sinqapurda buna doğru gedirlər, hətta istəyirlər ki, tətillər də az olsun, şagirdlər məktəbdə olsunlar. Sadəcə məktəbdə keçirilən müddəti daha səmərəli, fəalliyyətə əsaslanan hala gətirmək istəyirlər. Sırf müəllimlər dərs izah eləsin, şagirdlər də qulaq assın sistemi deyil. Müxtəlif eksperiment, fəaliyyət, təbiətlə iç-içə ekskursiyalar və s. edilir”.
Ekspert hesab edir ki, Azərbaycanda ümumtəhsil məktəblərində müəllimlərin dərs saatı 25-26 saatdırsa, normaldır: “Çünki dünyada bir çox ölkələrdə də belədir. Əgər müəllim tamzamanlı məktəbdə işləyirsə, 25-26 saat normaldır. Amma müəllim dərs yükü 30 saat və daha çoxdursa, həmin dərsin keyfiyyətindən şübhə duymaq olar”.
Q.Məhərrəmov sual edib ki, bir müəllim həftəiçi 5 gün işləyir və gündə 6 saat dərsə girirsə, bu müəllim hansı vaxtlar dərsə hazırlaşır, dərsin planını qurur?!: “Əlbəttə, bunlar sual altındadır”.
Onun fikrincə, şagirdlərin gündə 6-7 saat dərsinin olması isə normaldır: “Əsas məsələ dərsin daxilində nə baş verdiyidir. Dərs müddətində şagird passiv dinləyicidir, yoxsa təlim prosesinin aktiv iştirakçısıdır? Əsas məsələ budur. Bəzi məktəblərdə 8 saat dərs var. Bəzilərində dərsdən əlavə dərs çalışma, oxu saatları var. Yəni 6 saat dərs Azərbaycan sistemində çox deyil. Sadəcə, baxmaq lazımdır ki, tənəffüslər, 6 saatdan sonra qəlyanaltı üçün vaxt varmı, məktəb yemək verirmi. Bunlar hamısı düşünülməlidir”.
Qoşqar Məhərrəmovun dediyinə görə, əgər 5 dəqiqə tənəffüslərlə 6 saat dərs keçilir və yemək yoxdursa, bu şagirdin yorulmağı mənasına gəlir. Dərsin sonunda şagirdlər çox ciddi tükənmişlik yaşaya bilər.
Aytac Aslan
















