Bildiyimiz kimi, son günlərdə narkomaniyanın təbliği ilə bağlı sosial şəbəkələrdə videolar yayılır, mahnılar oxunur. Ötən günlərdə Daxili İşlər Nazirliyindən ictimaiyyətə verilən məlumatda bildirildi ki, bu məsələ ilə bağlı DİN monitorinqlər aparılır.
Maraqlıdır, DİN-in monitorinq mexanizmi hansı qaydada aparılır?
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakıvaxtı.az-a bildirib ki, Tiktok, İnstagram, Telegram və digər Azərbaycanda aktiv fəaliyyət göstərən sosial şəbəkələrdə monitorinqlər aparmaqla yanaşı, vətəndaşlardan DİN-ə daxil olan müraciətləri də nəzərə alıb tədbirlər görür: “Vətəndaşlar tərəfindən bizə daxil olan videogörüntülər, narkotik vasitələrin qanunsuz satışı, ictimai təhlükəli əməllərin təbliğ edilməsi ilə bağlı bütün müraciətlərə baxılır, yoxlanılır və müvafiq tədbirlər görülür. Əsasən sosial şəbəkə üzvlərini narahat edən, qanunsuz narkotik satışı ilə məşğul olan şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Burda əsas məqsəd cəmiyyətə ziyan vuran, yaşayış normalarına uyğun olmayan davranışların yolverilməz olmasını ictimaiyyətə çatdırmaqdır”.
Elşad Hacıyev qeyd edib ki, sosial şəbəkələrdə hansısa formada bu məsələnin monitorinqini aparan qrup və ya şöbə yoxdur, lakin ümumən rastlaşdığımız, polis əməkdaşlarının qarşısına çıxan və vətəndaşlar tərəfindən bizə gönləndirilən məlumatlarla bağlı tədbir görülür: “Sosial şəbəkə elə bir yerdir ki, orda monitorinq aparmaq bir, beş, on nəfərin birgə işi ilə mümkün olan deyil. Bu məsələdə ümumilikdə cəmiyyət həssas olmalıdır və qarşılaşdıqları xoşagəlməz səs, video və məlumatlar barədə DİN-ə məlumat verməlidir. Bu məsələyə göz yumulmur”.
Nuranə Daxilqızı
















