Sosial şəbəkələrdə Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlıların ölkəni tərk etmək istəyən əfqanlara necə kömək etdikləri ilə bağlı videolar yayılıb. Vaşinqton İrsi Fondunun hərbi mütəxəssisi Lyuj Koffi öz Twitter hesabında həmin videonu paylaşıb.
Videoda Kabul hava limanını tərk edə bilməyən valideyn övladını sülhməramlılara verir.
Əsgərlərdən biri Azərbaycan dilində danışır. Bu əsgərlərin Azərbaycandan olduğunu qeyd edən hərbi ekspert onların hərəkətlərini alqışlayır.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, Azərbaycan ordusunun 120 hərbçidən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabul hava limanının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edir.
















